SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Nəqliyyat naziri Ziya Məmmədov iyun ayında səhhətinə görə məzuniyyətə çıxmışdı. Sadəcə, indiki məzuniyyət əvvəlki illərdən qalıb, üst-üstə toplanıb. Adətən o, belə yazılara reaksiya vermir. Mən də onun işçisiyəm. Bu baxımdan çox reaksiya vermirəm”.

 

BAKU.WS-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov "Yeni Müsavat"a açıqlamasında bildirib. Qurum rəsmisinin sözlərinə görə, yazılanlar da konkret şəxslə bağlıdır və nazirliyə heç bir aidiyyəti yoxdur.

 

"Cəfəngiyyata münasibət bildirmək çətindir. Jurnalistlərin hər birinin öz yozumu var. Fakta istinadən münasibət bildirmək daha asandır. Ortada fakt yoxdursa, o zaman çox çətin olur. Cənab nazirin ortada olmamasının müəyyən səbəbləri ola bilər", - deyə Namiq Həsənov bildirib.

Nazirliyin sözçüsü yayılan xəbərlərlə əlaqədar Z.Məmmədovun mətbuat konfransı keçirib-keçirməməsi ilə bağlı sualı belə cavab verib: "Cənab nazir hazırda Bakıda deyil. Bakıya gələndə hər halda, fikir bildirər. Mətbuat konfransı keçirmək olar. Ümumiyyətlə, buna ehtiyac görmür. Deyilənlər o qədər şişirdilib ki, yalandan olan yazılara mətbuat konfransı keçirməyin mənası da yoxdur. Sadəcə olaraq, fikir bildirmir. Deyir ki, onsuz da haqqımda daim yazırlar. İş görən adam daim diqqət mərkəzində olur. Nazirliklə bağlı heç bir addım atılmır. Səlahiyyətlərin bir hissəsi "Asan xidmət”ə verildi, dərhal mətbuat başqa istiqamətə yozdu. Bundan əvvəl neçə nazirliyin bəzi səlahiyyətləri "Asan xidmət”ə verildi, bundan heç yazan yoxdur.

 

Bunlar tədricən gedən proseslərdir. Müəyyən nazirliklərin səlahiyyətlərini onsuz da "Asan Xidmət”ə verirlər. O ki qaldı dəmir yolunun nazirlikdən ayrılmasına, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Hazırda faktiki olaraq, iş yerimdəyəm, əvvəlki qayda ilə işimi davam etdirirəm. Amma yazılanların hamısını oxuyuram. Baxmayaraq ki, o yazıların böyük hissəsi heç bir fakta söykənmir. Qoy əndişələnməsinlər. Ziya müəllim bu gün Azərbaycanın nəqliyyat naziridir. Onu bu vəzifəyə prezident təyin edib. Başqa qərarları da prezident verir. Təyin etməyi də, azad etməyi də. Bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Hər şeyi zaman göstərəcək. Bəlkə işlər daha yaxşıya doğru gedəcək. O zaman bu jurnalistlər nə yazacaqlar, onu bilmirəm".


Ziya Səccad

BAKU.WS