VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın dağlıq rayonlarını qarış-qarış gəzməyə - həm gözdən uzaq düşmüş insanların qarşılaşdığı sosial problemləri, həm də ölkəmizin əsrarəngiz təbiətini, mehriban kənd sakinlərini tanıtmağa davam edirik.

"Qafqazinfo” olaraq budəfəki səfərimiz Qax rayonunun ən yüksəyində yerləşən kəndi Sarıbaşadır.

Yolumuz nə qədər uzaqdırsa, dayanacaq məntəqələrimiz bir o qədər maraqlıdır. Odur ki, əvvəlcə rayona, oradan da İlusu kəndinə yollanırıq. Bir məqamı əvvəldə qeyd edim ki, nə vaxtsa yolunuzu Sarıbaşdan salmaq istəsəz, səfəriniz yarım qalmasın.  Kəndə gedən yol birbaşa çayın içindən keçdiyi üçün ora ilin istənilən fəslində getmək mümkün deyil. Məsələn, bizə dedilər ki, təqribən aprel-may aylarında qar əriyəcək və çayın suyu qalxacaq. O vaxt çayı yalnız atlarla keçmək mümkün olur, gediş-gəliş məhdudlaşır. Odur ki, səfərə çıxmaq üçün fəsli doğru seçməyə çalışın. 

Son illər ölkəmizin əsas turizm məkanlarından biri olan İlusu yay aylarına nisbətən xeyli sakit idi. Düzü, kənddə olan dumandan göz-gözü görmədiyindən çəkiliş üçün bir qədər narahat olduq. Kənd sakinləri uzaqdakı günəşdən qarı parıldayan dağları göstərib bizi Sarıbaşda havanın yaxşı olduğuna əmin etdilər. Odur ki, maşınımıza minib kələ-kötür, dar dağ yolu ilə kəndə yollandıq. Sözün əsl mənasında, dağlar aşıb, çaylar keçib düz yarım saat sonra məşhur Sarıbaş kəndinə vardıq. Həqiqətən də kənddə bayaqkı duman-çəndən əsər-əlamət yox idi. Bir haşiyə çıxım ki, kənddə soyuq olacağını deyikləri üçün hətta əlcək belə götürsək də, yerdə qar olmasına baxmayaraq bütün çəkilişi üst geyimsiz apardıq. 
 
 
Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Bu səbəbdən sakinlərə dövlət tərəfindən kompensasiya da verilir. Hava seyrək olduğu və təzyiq dəyişdiyi üçün əvvəl nəfəs almaq çətinləşir. Ancaq uzaqdan gələn təndir çörəyinin qoxusu, kənd sakinlərinin xoş qarşılaması elə o andaca hər şeyi unutdurur. 

Ərazidə xeyli ev olsa da, yalnız 30 mənzildə yaşayış var. Qalan sakinlər yol və buradakı yaşayış bir qədər çətin olduğu üçün rayon mərkəzinə və yaxud başqa kəndlərə köçüb. Odur ki, bəzi evlərin hasarları dağılıb, dam örtüyü tamam çöküb. Ancaq danışıb-gülməyi, xüsusilə də qonaq qarşılamağı sevən sarıbaşlılar yaşadıqları müddətdə kəndi də yaşadacaqlarını deyirlər. 

Elə sağa-sola baxdığımız müddətdə uzaqdan qulağımıza bir narazı səs gəlir: "Kəndimiz, kəndimiz deyirlər, amma heç kim yaşamaq istəmir”.

Odur ki, kənd ağsaqqalına yaxınlaşıb bir az söhbətləşmək qərarına gəldik. Deyir ki, kəndə gələn yollar çətin olduğu üçün qonşularının hamısı köçüb gedib. Artıq evləri də viranə haldadır. Onlar buranı çox sevir və nə vaxtsa getmək kimi bir niyyətləri yoxdur. Oğlu ilə birlikdə yanacaq üçün gətirdikləri odunu boşaldan orta yaşlı kişi ərzaq və digər məmulatları il əvvəlində rayondan alıb gətirdiyini bildirir:
 

 

 
"Ət quruduruq, hansı qapını döysəz, qaxacı ( müəllif: payız aylarında duzlanmış ət ayazda qurudulur) olmayan ailə tapa bilməzsiz. Qalan hər şeyi də rayondan alırıq. Belə "UAZ”larla gedib gəlirik. 3 manata aparır, elə o qiymətə də gətirir. Belə tez-tez gedib gəlmirik”.

Qeyd etdiyimiz kimi, kəndin yolu çətin olduğu üçün rayona gedib gəlmək, meşədən odun gətirmək üçün hər ailənin tövləsində azı bir at var. Sakinlərin əsas məşğuliyyəti isə maldarlıqdır. Kəndin qadın sakinlərindən biri deyir ki, iki inək satsa, gələn mövsümə kimi ona bəs edir. Bu il Sarıbaşın qışı bir az sərt gəlib. Ancaq bahar gəlib ətraf yaşıllaşdıqca, həm onların, həm də mal-qaranın kefi yüksəlir.

Sarıbaş kənd mədəniyyət evinin direktoru Məhəbbət xanım, əvvəllər kənddə xəstəxana və hamamın fəaliyyət göstərdiyini, hətta yüksəkdə yerləşməsinə baxmayaraq, buranın ölkənin kanalizasiyası olan yeganə dağ kəndi olduğunu bildirib. Yay aylarında istirahət üçün çox insanın kəndə üz tutduğunu deyən Məhəbbət xanım hazırda kənddə yalnız 30 ailənin qaldığını qeyd edib:
 

 

"Sarıbaş toponiminin bir neçə mənası var. Bir versiyaya görə başlarına sarı çalma bağlayıblar, ona görə sarıqlıbaşlar adlandırıblar. İkinci versiyaya görə isə sarı sözü baş, yuxarı mənasını verir. Kənddə hazırda mədəniyyət evi, məktəb, meteorologiya idarəsi fəaliyyət göstərir. Əvvəl 360-a yaxın sakin yaşayıb. Sovetlər dövründə köçürüblər, ondan sonra azalıb. İndi kənddə əsl sarıbaşlılar qalıb. Bu yurdu yaşadan 30 ailədir, onların səmərəsinə yaşayır, 30 işıq yanır”.

İnternet və telefon zənglərindən yorulmusuzsa, onun da çarəsi Sarıbaşdadır. Demək olar ki, kəndin əksər ərazisində şəbəkə tutmur, telefonla danışmaq üçün bir qədər yamaca düşmək lazım gəlir.

Sakinlərin sayı az olsa da, kənddə təhsilə xüsusi diqqət yetirilir. Onun nəticəsidir ki, alimlər oylağı olan bu diyarda kimə mikrofon uzatsaq, ya müəllim, ya da şair oldu.

Hazırda kənddə fəaliyyət göstərən doqquzillik məktəbin və mədəniyyət evinin bir zamanlar  bağlanma təhlükəsi olsa da, kənd sakinləri buna razı olmayıb, nazirliyə müraciət edib. Görülən işlər nəzərə alınaraq hər iki qurumun fəaliyyəti davam etdirilib. Kənd məktəbi xeyli böyük və yaxşı şəraitdədir. Hazırda 11 müəllim tədris verən təhsil ocağında müəllim və şagird sayı təqribən eynidir.
 
BAKU.WS