Dünən sosial şəbəkələrdə "BakuBus” MMC-nin avtobuslarının salonunda etik və təhlükəsizlik qaydalarına uyğun olmayan hərəkətlərə yol verən sərnişinlər haqda məlumatlar və fotolar yer almışdı.

Bu gün həmin sərnişinlərdən biri Mirhəsən Rafiqoğlu "BakuBus”a gələrək şirkət rəhbərliyinə yazılı müraciət ünvanlayıb və səmimi peşmanlıq hissi keçirdiyini bildirib.
Bu barədə "EcoFin"ə "BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev məlumat verib: "O, Təlim Mərkəzində avtobusdan istifadə zamanı sərnişinlərin təhlükəsizlik qaydaları ilə bağlı ətraflı məlumat aldıqdan sonra bir daha bu kimi davranışlara yol verməyəcəyini söylədi və bütün sərnişinləri, xüsusən də gəncləri ictimai nəqliyyatdan istifadə zamanı qaydalara əməl etməyə çağırdı".

M.Piriyevin sözlərinə görə, gənc sərnişin Mirhəsən Rafioğlunun səmimi peşmanlıq hissi keçirməsi və "Bakubus”a gəlməsi digər sərnişinlər, o cümlədən gənclər üçün müsbət nümunə sayıla bilər: "Bu məsələ ilə bağlı formalaşan ictimai qınaq gələcəkdə ictimai nəqliyyatdan istifadə zamanı sərnişin məsuliyyətinin artmasına müsbət töhfəsini verəcək. Ümid edirik ki, sərnişinimizin peşmanlıq hissi uzun illərdən bəri formalaşmış arzuolunmaz vərdişləri dəyişməyə yardım edəcək".

Qeyd edək ki, dünən sosial şəbəkələrdə bir neçə sərnişinin avtobusda ümumi qaydalardan kənar oturmuş vəziyyətdə fotoları yayılmışdı və bu sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunmuşdu.
 
BAKU.WS