SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bu gün biz sizi bütün dünyada məşhur "FİKA MONTİNO" brendinin yaradıcısı Fikrət Allahverdiyev (Fika Montinski) ilə tanış edəcəyik. 
 
BAKU.WS Fikrət Allahverdiyevin brend haqqında və umumilikdə öz həyatı haqda fikirlərini təqdim edir.
 
Fika Montinski uşaqlığının Montində keçdiyini bildirib. O, dayısıgilin həmin ərazidə yaşadığını bildirib.
 
"Mən tez-tez dayımgildə qalırdım. Orda bizim məhəllə həyatımız vardı. Bilirsiz ki, Bakının 10-12 yaşlı uşaqları arasında yaşanan məhəllə həyatı çox maraqlıdır. Ona görə də mən, Montini çox sevirdim. O vaxtların da öz gözəlliyi var idi. Məhəllədə, binaların arasında bir TİR var idi. Valideynlər bir neçə qəpik verəndə, biz o pulları yığıraq gedib TİR-də nişana atəş açmağı çox sevərdik. Biznesə dəri məmulatlarının istehsalı ilə başladıq. Ondan sonra da çanta istehsalına keçdik. Qadın, kişi çantaları və ayaqqabıları istehsal edirik. Şovrumlarımızdan biri Nyu-Yorkda, Bruklində təşkil olunmuşdu. Montin də Bakının bir atributu olaraq gözəl bir yer olduğu üçün Montini tanıtmağa qərar verdim. Ona görə də şirkətimizin adını da "Montin” qoydum. Biz onu Montin deyil "Montino”ya dəyişdirdik ki, səs olaraq qulağımıza xoş gəlsin. Daha sonra brendimizi tanıtmağa başladıq", - deyə Fika Montinski bildirib. 
 
Fikrət Allahverdiyev 7-8 ildir ki, Türkiyədə yaşadığını bildirib.
 
"Çünki "FİKA MONTİNO” şirkətlər qrupunun mərkəzi ofisi burada yerləşir. Qismət belə gətirdi ki, İstanbulda inşaat işinə başladım. İstəyirik ki, İstanbulda Azərbaycanın da bir izi olsun. Bizim tikdiyimiz binalar 20, 100, 200 il də qala bilər. Azərbaycanın İstanbul şəhərində bir izi qalsın deyə, hər tikdiyimiz binaların üzərinə, binanı tikdiyi il və şirkətin adı yəni "FİKA MONTİNO” yazılmış lövhə bərkidirik. Həyat belədir ki, insanlar dünyaya gəlir, həyat sürür, yaşlanır, qocalır, həyatdan gedir. Amma binalar qalır. İstanbulun tarixi bölgəsindəki binaların üstündə "MONTİNO” sözünü gördükdə bəlkə də insanlara xoş gəlir. 
Biz tikdiyimiz binalar çox keyfiyyətlidirlər. Onları zövqlə təmir edirik. Bu iş üçün xüsusi dizayner-memarlarımız  var. Özüm də çalışıram hər şeyə fikir verim. Çünki nə isə nəzərdən qaça bilər. Çünki özüm tikdiyim binada özüm də yaşayıram. İzləyicilər deyə bilər ki, öz işini tərifləyir. Amma mən öz işimi sevirəm ona görə də tərifləyirəm. Əsl iş adamı mən ona deyərəm ki, adam öz işi qurub, yaradıb və işindən zövq alsın. İnsan hansısa bir işi görüb, yeni nə isə yaradıb və ya binanı tikib axşam evə gedib düşündükdə xoş hisslər keçirir. Evə gəlib oturanda fikirləşirəm ki, hə mən bu gün insanlar üçün nə isə faydalı bir iş gördüm", - deyə Fikrət Allahverdiyev vurğulayıb.  

"Tək qalmağı çox sevirəm. Tək qaldıqda insan bir az rahat olur, rahat düşünür. Burda, İstanbulda ofisimin yanında gözəl tarixi bir məscid var. Bəzən günorta namaz vaxtı 1 saatlıq qaçaraq orda namazımı qılıb, yaxınlıqdakı parkda otururam. Demək olar ki, həyatımın 12-20 ilini təyyarələrdə keçirmişəm. Çin Xalq Respublikasında, Rusiya və Türkiyədə işlərimiz var. İnsan doğulduğu, böyüdüyü, dostları olan, uşaqlığı keçən yeri hər zaman fikirləşir, ora üçün darixir. Əlbəttə ki, darıxıram. Hərdən Bakı üçün elə bir darıxma hissi gəlir ki, Bakını görmək istəyirəm. İşdən çıxandan sonra və ya günorta vaxtı dəniz sahilinə gedib otururam. Burda sahildə elə yerlər var ki, mənə Bakını xatırladır. Mən həmişə demişəm ki, Bakının spesifik ətri var. Neft qoxusu Bakının gilavar ilıq küləyinə qarışır. O ətri heç yerdən almaq olmaz. Amma burda bəzən dəniz kənarında oturaraq Bakını xatırlayıram. Mən, müxtəlif xarici dövltdə iş quran qardaş-bacılarıma bildirirəm ki, biz Azərbaycanı dünyada təmsil edirik. Azərbaycan artıq dünyada tanınır. Müəyyən bir reytinq qazanmışıq. Biz də hər tərəfdən dəstək olmalıyıq ki, o reytinq qalxsın. Xaricdə işləyən azərbaycanlı olaraq məsuliyyətimiz var. Sözümüzə, hərəkətimizə, gördüyümüz işə diqqət etməliyik. Çünki istəyirəm desinlər ki, mən bir azərbaycanlı ilə tanış oldum, iş gördüm və çox məmnun qaldım. Hər bir zaman hər addımımda, hər hərəkətimdə, çalışıram ki, nə iş gördüyümdən aslı olmayaraq azərbaycanlı olduğumu heç zaman unutmayım. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". 

Arzu Mirzəyeva
BAKU.WS
 
]