VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

Onunla Türkiyənin Antalya şəhərinin ən məşhur Rixos Premium otelinin restoranında təsadüfən rastlaşdıq. Şəkili Ehtiram Zakirli ofisiant işlədiyi otelin restoranında bizdən sifariş qəbul edən zaman azərbaycanlı jurnalistlər olduğumuzu dərhal anladı. Üzünə xəfif təbəssüm çökən Ehtiram bizimlə şirin-şirin söhbətə başladı. Qırğızıstanda Turizm İnstitutunda oxuduğunu, Rixos Premium otelinə Türkiyədən gələn xüsusi qrup tərəfindən seçilərək gətirildiyini danışmağa başladı. Ehtiram bizimlə elə söhbətləşirdi ki, bu onun  bizə və restoranda əyləşən qonaqlara səliqə-səhmanla qulluq etməsinə qətiyyən mane olmurdu. Ehtiramla son günlər Türkiyədə baş verən qarmaqarışıq siyasi vəziyyət və bunun Antalyadakı turist axınına necə təsir etməsilə maraqlandıq. Məlum oldu ki, dünyanın dörd bir yanından turistlər əvvəlkitək Antalyada istirahəti seçirlər. Onlar Antalyanı Türkiyənin ən təhlükəsiz şəhərlərindən biri kimi qəbul edərək seçimlərini də bu şəhər üzərində edirlər. Türkiyədəki proseslər bu ölkəyə gələn turist axınına mənfi təsir etməyib. Summer tour tərəfindən təşkil edilən səfər zamanı bunu öz gözlərimizlə gördük. Şirkət səfər çərçivəsində jurnalistləri ən müxtəlif otellərdə gəzdirərək real vəziyyətlə yerində tanış olmaq imkanı yaratdı.


Bəs ölkə xaricində istirahətə üstünlük verən azərbaycanlılarla bağlı vəziyyət necədir? Həmvətənlərimizin kurort şəhəri seçimində Antalya neçənci yeri tutur? 

 

Rəsmi məlumata görə, 2014-cü ildə turizm məqsədilə Azərbaycandan xaricə üz tutan 3 milyon 320 min azərbaycanlıdan 472 mini Türkiyədə istirahət etməyi seçib. Bu şəxslərdən 356 mini kişi, 115 mini isə qadın olub.

 

Antalya valisi Münir Karaloğlunun məlumatına görə isə , Antalyaya ötən il 35 min azərbaycanlı tirist səfər edib. Vali bu rəqəmi çox aşağı hesab edir və azərbaycanlı turistləri istirahət etmək üçün Antalyaya dəvət edir. Şəhərin yerli əhalisi 2 milyondan bir qədər çoxdur. Turizm mövsümü dövründə isə şəhərdə insanların sayı bu rəqəmi ən azı 10 dəfəyədək üstələyir. Münir Karaloğlu Antalyanın bundan da artığını etmək gücündə olduğunu söyləyir. O, bildirir ki, təkcə Antalya turist qəbul etmə potensialına görə bütövlükdə İspaniyanı üstələyir. Antalya İspaniya, İtaliya, Fransa və Yunanıstanın məşhur kurort şəhərlərini xidmət səviyyəsinə görə qat-qat üstələyir. Qiymətlərə gəldikdə isə bu şəhərlərdə istirahət Antalyadan dəfələrlə bahadır. Buna görə də Antalyanı Avropa turistləri çox sevir. Bundan başqa turistləri bu şəhərin mükəmməl infrastrukturu da cəlb edir. Şəhərdə iki böyük aeroport var. Antalyanın yolları da dillər əzbəridir. Bu yollar il-ildən daha da yaxşılaşdırılır. Antalya dünya turizminə "hər şey daxil” adlı anlayış da verib. Belə ki, Antalyanın otelinə yerləşən turist müəyyən ödəniş etdikdən sonra demək olar ki, hər bir şeyi bu məbləğə daxil əldə edə bilir. Bütün bu amillər Antalyanı Avropanın ən sevimli turstik şəhərinə çevirib. 

 

Bu şəhərə ümumilikdə turistlərin böyük əksəriyyəti Ukraynadan gəlir. Turistlər arasında Estoniya, Almaniya, Hollandiya, Litva, Qazaxıstan, Turkmənistan kimi ölkələrdən gələnlər var. 

 

Avropalı turistlərin Antalyaya istirahəti seçmələrinin əsas səbəbi bu şəhərin açıq buludsuz səması və isti havasıdır. Antalyada ilin 365 günündən 300-ü sabit, günəşli hava olur. Antalyada yay mövsümü 8-9 ay, çimərlik mövsümü isə maydan noyabrın sonunadək davam edir. Antalya Avropa turstlərinin "Məkkə”si hesab edilir. Avropadan Yay istirahətini sevənlər bu şəhərə axın edirlər. 


Turistlərin Antalyanı seçmələri üçün bütün səbəblər var. Təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Şəhər tarix ərzində 4 imperiyanın tərkibində olduğu üçün burada kifayət qədər çox tarixi abidə var. 

 

Azərbaycan dünyanın 4 bir yanından turist qəbul edən Antalyada ölkəmizi tanıtdırmaq üçün addımlar atır. Bu şəhərdə təşkil edilən "Antalya Expo-2016” Beynəlxalq Botanika sərgisində Azərbaycan da pavilyonla təmsil olunub. Ölkəmiz bu sərgidə təmsil olunan 53 ölkədən biridir. Milli Pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyilə təşkil olunub. Pavilyon təxminən 2000 kvadrat metr ərazidə yaradılıb. Antalyaya gələn sərgiyə baş çəkən turistlər Azərbaycan haqqında ətraflı məlumat əldə edə bilirlər. 


Görünən odur ki, Antalya hələ uzun müddət Avropanın turizm sektorunda öz liderliyini qoruyub saxlaya biləcək. Bunun üçün Türkiyənin cənnət şəhərinin tam potensialı var. Turistlər ağı-qaradan seçməyi yaxşı bacarırlar. Ümid edirik ki, Azərbaycandan ölkə xaricinə dincəlməyə gedənlərdən də Antalyaya üstünlük verəcəklər. Necə deyərlər Antalyaya bircə dəfə gələnlər onsuz da nə baş verməyindən asılı olmayaraq istirahət üçün yenə buranı seçəcəklər. Hələ Yay mövsümünün bitməsinə çox var. Antalyada isə bu mövsüm çox gec bitir. Avropa turistlərinin "Məkkə”sinə getməyə tələsin. 

 

Xoş istirahətlər!

 

BAKU.WS

AZAD Əliyev