SİZİN REKLAM BURADA!
055 213 76 73


Havaların istiləşməsi Azərbaycanın turizm sektorunda canlanma yaradıb.

BAKU.WS xəbər verir ki, bu barədə “report”a açıqlamasında "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

O, növbəti həftələrdə dinamikliyin daha da artacağını diqqətə çatdırıb:

“Daxili turizmdən danışsaq, əsasən həftə sonları və məzuniyyət günlərində insanlar regionlara səfər edir. Bu ildən yeni unikal turların təklif edildiyini görürük.

Ənənəvi həftə sonu turlarından əlavə yeni növ turların da olması insanları gəzməyə sövq edir. Pandemiya şəraitinə baxmayaraq ölkəmizə gələn turistlər də artır.

Bunu 2019-cu ildəki göstərici ilə müqayisə edə bilmərik. Amma hazırkı vəziyyət üçün də heç də pis olmayan rəqəmlər var. Bu da gələcəkdə daha çox turist cəlb etməyimizə stimul yaradır.

Getmə turizmində də dinamiklik var. Xaricə getmək üçün rezervasiya edən turistlərin sayı kifayət qədərdir. Hansısa fors-major dəyişiklik olmazsa, yayda kifayət qədər vətəndaşımız ölkə xaricinə səfər edəcək.

Üz tutulan istiqamətlər əsasən Dubay və Türkiyədir. Misirə getməyə bu ildən daha çox istək var. Digər bölgələrə də gedişlərin sayı artır”.

Ə.Qurbanovun sözlərinə görə, pandemiya şəraitindən asılı olaraq ölkə xaricinə xüsusi reyslər təşkil edilir: "Aviabiletlərin baha olduğu və gecələmə xərclərin artdığı üçün turpaketlərin qiyməti əvvəlki vaxtlarla müqayisədə artıb”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi son günlər ölkənin otellərində bronlaşmanın daha geniş yayıldığını bildirib:

“Mayın 20-dən sonra bronlaşma səviyyəsi daha da artacaq. Düşünürəm ki, bu il də Azərbaycan vətəndaşları daha çox ölkəmizdə istirahətə üstünlük verəcək. Pandemiya şəraitinin yekunlaşmağa doğru getməsi turizm fəaliyyətlərinə, o cümlədən daxili turizmə müsbət təsir göstərəcək.

Düşünürəm ki, bu mövsüm alternativ yerləşmə yerlərinin sayı artacaq, bəzi seqmentlərdə bu barədə ilk təkliflər ortaya çıxacaq.

Burada çadır şəhərciklərin (kempinq), dağ sığınacaqları, təbiətdə yerləşən müxtəlif alternativ yerləşmə vasitələrini nəzərdə tuturam.

Rəsmi formada yerləşmə yerləri kimi tanınan kənd evləri, kənd evlərini də bura aid edirəm. Bu tendensiya artıq başlayıb və növbəti illərdə də inkişaf edəcək.

Bu yerləşmə vasitələrinin ətrafında yeni turizm fəaliyyətləri əmələ gəlir. Misal olaraq aqroturizm fəaliyyətlərini göstərə bilərik. Bura turistlərin də qatıldığı məhsul yığımı, biçim, müxtəlif emal prosesləri, arıçılıq və digər fəaliyyətlər aiddir. Bu mövsüm Azərbaycanda ekoturizm fəaliyyətləri də genişlənəcək, bu sahədə yeni təkliflər ortaya çıxacaq".

S.Dübəndi gəlmə turizmində də keçən illə müqayisədə artım gözlənildiyini deyib:

“Azərbaycana daha çox ərəb ölkələrindən turist gəlişi gözlənilir. Çalışmalıyıq ki, yeni bazarlar üzərində işləyək və pandemiyadan öncəki corğrafiyanı bərpa edək.

Biz dəniz turizmindən də istifadə edə bilərik. Bu baxımdan Xəzər dənizinin böyük potensialı var. Ölkə başçısı bir neçə il öncə çimərlik turizminin inkişafı haqqında fərman imzalamışdı. Lakin bu gün biz Xəzərin potensialından hələ də tam istifadə etmirik.

Burada qayıqlarla səyahət, dayvinq və digər əyləncələri, ekstrimal xarakterli bəzi fəaliyyətləri təşkil etmək olar. Bizdə yaxtinq və ya dayvinq o qədər də geniş yayılmyaıb. Amma “Bakı Yaxt Klub”dan artıq bəzi təkliflər ortaya çıxıb.

Bakının Dübəndi kəndi yaxınlığındakı çimərlik ərazidə Dayvinq Mərkəzi açılıb. Bu əyləncələrə qatılanlar əsasən ölkəmizdə yaşayan xarici vətəndaşlardır.

Bunları təşviq etsək, yerli turistlər üçün də maraqlı olar. Azərbaycan Ekoturizm Assosiasiyası olaraq düşünürük k, ölkəmizi yenidən dünyaya yüksək ekoloji mədəniyyət və ekoturizm destinasiyası kimi tanıda bilərik”.

BAKU.WS