SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ramazan ayının kəffarəsi üzərinə vacib olan şəxs ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birinə bir mudd, yəni təqribən 750 qram buğda, arpa, çörək və bu kimi şeylərdən verməlidir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) verilən məlumata görə, əgər bunlardan heç biri mümkün olmasa, bacardığı qədər sədəqə verməli, əgər bunu da edə bilməsə, istiğfaretməlidir. Lakin mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, kəffarəni ödəməlidir.

Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və onun bir gününü o biri aydan olmaqla ardıcıl tutmalıdır. Əgər onun davamındakı otuz gün ardıcıl olmasa, eybi yoxdur. İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.

Ardıcıl oruc tutmalı olan bir şəxs əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən başlayaraq ardıcıl tutmalıdır. Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların davamını yerinə yetirər.

Müəyyən bir gündə oruc tutacağını nəzir edən şəxs o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzirin pozulması kəffarəsində izah olunacaq.

Oruc tutan şəxs sözünə etimadı olmadığı bir şəxsin "iftar oldu" deməsi ilə orucunu yesə və sonra da iftar olmadığını bilsə və ya iftar olub-olmadığında şəkk etsə, həmin günün orucunun qəzası və kəffarəsi ona vacib olar.

Qəsdən orucunu batil edən şəxs zöhr vaxtından sonra səfərə çıxsa, ya kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta zöhrdən əvvəl qarşıya çıxan səfərə getsə, yenə də ona kəffarə vacibdir.

Oruc tutan şəxs qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya digər xəstəliklər kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbdir.

Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra Şaban ayının son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.

İnsan Ramazanın son günü, yoxsa Şəvval ayının biri olduğundan şübhələndiyi gündə qəsdən orucunu pozarsa, belə ki, sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib olmaz.

İnsan kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməməlidir, lakin dərhal yerinə yetirməsi də lazım deyil. 

Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan şəxs altmış fəqir tapa bilməsə, tapdığının hər birinə bir muddan artıq təam verməsin, yaxud bir fəqiri bir dəfədən artıq doydurmasın. Lakin fəqirin ailəsi olsa, insan onun fəqir ailə üzvlərinin hər biri üçün hətta azyaşlı olsalar da, bir mudd təam verə bilər.

Ramazan ayının orucunun qəzasını tutan şəxs əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, on yoxsulun hər birinə bir mudd (750) təam versin. Əgər bunu verə bilməsə, üç gün oruc tutsun.

Orucun yalnız qəzası vacib olan yerlər:

Bir neçə yerdə (əvvəldə qeyd edilən yerlərdən başqa) oruc tutan şəxsə ancaq orucun qəzası vacibdir və kəffarə lazım deyil:
1. Ramazan ayı gecəsində cünub olan şəxsə, cima məsələsində deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa.
2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti etməsin, ya riya etsin, ya oruc olmasını niyyət etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini niyyət etsə, gərək lazım ehtiyata əsasən, o günün orucunu qəza etsin.
3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün ya bir neçə gün oruc tutarsa. 
4. Ramazan ayında sübhün daxil olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa; bu təqdirdə ehtiyata əsasən mütləq-qürbət qəsdi ilə orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.
5. "Sübh olmadı" deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra sübh olduğu məlum olarsa;
6. Ona "sübh oldu" deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini başa düşdüyü halda, özü də araşdırmadan orucu batil edən bir işi gördükdən sonra sübh olduğu məlum olarsa;
7. Kor bir insan, ona şəri cəhətdən höccət olan şəxsin sözünə əsasən iftar etsə və sonra iftar vaxtı olmadığı məlum olarsa;
8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edə, sonra da iftar vaxtı olmadığı məlum olarsa; amma buludlu havada axşam olduğunu zənn edib iftar edərsə, belə ki, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata daha uyğundur.
9. Susuzluq cəhətindən ağzında suyu məzməzə etsə və bu əsnada ixtiyarsız olaraq boğazına su gedərsə, yenə əgər vacib namazdan qeyri bir şey üçün dəstəmaz aldığı zaman məzməzə edərkən boğazına su yetişərsə, onu qəza etmək ehtiyat-müstəhəbdir. Amma oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq su boğazına yetişərsə, qəzası yoxdur.
10. Bir kəs məcburiyyət, ya zərər, ya təqiyyə cəhətindən iftar etsə, qəza etməsi lazımdır, amma kəffarə ona vacib deyildir.
Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, ya suyu burnuna alsa və ixtiyarsız udsa, qəza ona vacib deyildir. 
 
BAKU.WS