VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Səudiyyə Ərəbistanı bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məhkum oluna bilər.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlarla imzalanan müqavilənin xüsusi müddəa bölümünün 4.7-ci bəndində qeyd olunub ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsi qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.

Bölümün 4.8-ci bəndində isə deyilir ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
 
BAKU.WS