SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Apellyasiya Məhkəməsində narkotik vasitənin satışında təqsirləndirilən Səbinə Quliyevanın barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Quliyevanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Biləcəri qəsəbəsində yaşamış və “Səbiş” ləqəbi ilə tanınan S.Quliyeva ötən ilin may ayında saxlanılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynovu tutublar.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” ləqəbli şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini S.Quliyeva da tutularaq istintaqa təqdim edilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli-miqdarda narkotik vasitələrin qanunsuz satışı) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyeva 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

BAKU.WS