SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayır.

BAKU.WS
qafqazinfo-ya istinadən xəbər verir ki, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb. 

İddialara görə, E.Hacıyevanın özünü atmasından sonra bir müddət sağ qalıb və məktəbin direktoru bu hadisənin üstü açılmasın deyə təcili yardım çağırılmasına maneə olub, eyni zamanda, hüquq-mühafizə orqanlarına da məlumat verilməyib. Bunun əvəzinə hadisə yerinə Səbail Rayon İcra başçısının müavini Xalidə Bayramova çağırılıb. X.Bayramova direktor S.Abbasovanın rəfiqəsidir. 

Baş Prokurorluğun açıqlamasında qeyd edilmişdi ki, istintaq zamanı E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilib.

Bu hallarla bağlı araşdırmadan sonra hansı nəticəyə gəlindiyi, istintaqın hansı qərarlar verdiyi məhkəmənin baxış iclasında ittiham aktı elan olunan zaman bəlli olacaq.
BAKU.WS