SİZİN REKLAM BURADA!
055 213 76 73


İki gündür ölkə gündəmini Şəmkirdə törədilən dəhşətli cinayət zəbt edib.

BAKU.WS xəbər verir ki, Şəmkir rayonunun Sarıtəpə Elmar Məsimov keçmiş qayınanası Məmmədova Səltənət Allahverdi qızının evinə gəlib və benzin tökərək evi yandırıb.

Hadisə nəticəsində E.Məsimovun 2 yaşlı oğlu Məmmədov Nicat və keçmiş həyat yoldaşı Məsimova Mətanət İlqar qızı dünyasını dəyişib. Məmmədova Səltənətin isə bədəninin 50 faizi yanıb. O, hazırda 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alır.

Bu hadisə Azərbaycanda keçmiş ərlər tərəfindən ilk deyil.

BAKU.WS yaxın illərdə keçmiş ərlərin keçmiş həyat yoldaşı və ailəsinə qarşı törətdiyi ən səs-küylü və kütləvi cinayətləri xatırladır.

1 oktyabr 2014-cü il

Goranboyun Səfikürd kəndində 36 yaşlı Rafiq Hüseynov həyat yoldaşı və onun qohumlarından ümumilikdə 7 nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.

Məlumata görə, Rafiq hadisədən bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşı Südabəni 28 sentyabrda gecə saatlarında möhkəm döyüb. Südabə isə 29 sentyabr tarixində səhər saatlarında ata evinə qayıdıb. Bundan sonra Rafiq zəng edərək yoldaşının geri gəlməsini tələb edib. Lakin ailə üzvləri qızlarını geri verməyəcəklərini deyiblər. Rafiq də həmin gün gecə saatlarında qayınanasının evinə hücum edib.

O, ov tüfəngindən və əl qumbarasından istifadə edərək 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, 3 nəfər isə digər ailənin üzvləri olublar. Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var.

Ölən şəxslər bunlardır:
Diləzbər (qayınana)
Fərqanə (baldız)
Südabə (həyat yoldaşı)
Namiq (qayın)
Ofilə (həyat yoldaşının qohumu)
Həvayət (həyat yoldaşının qohumu)
İsa (3 yaş)

1 dekabr 2017-ci il

Biləsuvar rayonunun Təzəkənd kəndində 68 yaşlı Əlican Ağayev öz evində keçmiş kürəkəni, Salyan şəhəri, “Babazanlı” yaşayış massivinin 34 yaşlı sakini Ramil Nofəl oğlu Məmmədov tərəfindən qətlə yetirilib.

Qətlə yetirilənin qızı ilə Ramil 3 il əvvəl rəsmi qaydada boşanıblar və məhkəmə 2 uşağa görə Ramilin üzərinə 200 manat aliment ödəmək öhdəliyi qoyub.

Ailəsindən ayrıldıqdan sonra Rusiyaya işləməyə gedən Ramil alimenti hər ay vaxtlı-vaxtında ödəyir, üstəlik keçmiş ailəsinə dolanışıq üçün əlavə pul da yollayırmış. Amma bu yaxınlarda Rusiyadan geri dönən R.Məmmədov keçmiş həyat yoldaşının yenidən ailə qurduğunu eşidərək baş verənləri aydınlaşdırmaq üçün onların evlərinə yollanıb. Bu zaman keçmiş qayınatası ilə onun arasında münaqişə yaranıb və R.Məmmədov Əlican Ağayevə 4 bıçaq zərbəsi vurub. Nəticədə Ə.Ağayev hadisə yerində ölüb.

Hadisədən sonra R.Məmmədov könüllü olaraq Biləsuvar RPŞ-yə gəlib və istintaqa təslim olub.

22 may 2018-ci il

Bakının Xətai rayonunda 1954-ci il təvəllüdlü Ətir Şirinova və 1987-ci il təvəllüdlü Günay İsgəndərova Naximov küçəsində yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriliblər.

M.İsgəndərovanın oğlu evə qayıdarkən qadınları evdə qan içində görüb və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.

Aydın olub ki, G.İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb. G.İsgəndərovanın əri hadisə baş verən gün axşam saatlarında onun yaşadığı evə gələrək həyat yoldaşını döyüb, buna müdaxilə edən Ə.Şirinovanı da bıçaqlayıb. Bundan sonra o, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirmədən ölüb.

Hadisəni törədən İsmayılov Ramin Səfər oğlu polisə təslim olub.

20 may 2019-cu il

Xəzər rayonunun Binə qəsəbəsi Südçülük Sovxozunun ərazisində kirayə yaşayan 45 yaşlı Astara rayon sakini Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 42 yaşlı Rzayev Maral Məmmədağa qızı, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Əliyev Vasif Fərzəli oğlu və 59 yaşlı Nəbiyev Qəmər Nədi qızına bıçaqla hücum edib. Nəticədə, Vasif Əliyev hadisə yerində keçinib. Digərləri ağır yaralanıb.

Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdirilib, V.Əliyev ölüb.

Məlumata görə, Maral Zaurdan ayrıldıqdan sonra Vasiflə vətəndaş nikahında yaşayıb. Keçmiş həyat yoldaşının başqa kişi birlikdə yaşaması Z.Rzayevin ürəyincə olmayıb və müdaxilə etmək qərarına gəlib.

Ona görə gecə saatlarında hamı yuxuda olanda həyat yoldaşı və qızının kirayə yaşadığı evə pəncərədən daxil olub. Əvvəl o, V. Əliyevə bıçaq xəsarətləri yetirib, sonradan M.Rzayevaya keçib. Qışqırıq səslərinə oyanan qızı atasına mane olmağa çalışsa da, özü də üç bıçaq xəsarəti alıb. Mənzilin sahibi Qəmər Nəbiyeva da bıçaqla edilmiş hücumdan "pay düşüb".

Cinayəti törədən təqsirləndirilən şəxs polisə könüllü təslim olub. Bundan əvvəl onun narkotik vasitə saxlama, az ağır bədən xəsarətləri yetirmə maddələri ilə məhkumluğu olub.

16 aprel 2019-cu il

Bakının Nizami rayonunun Bəkir Çobanzadə küçəsində 1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş arvadının yenicə ailə qurduğu şəxslə, 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edib və onu bıçaqlayıb.

Bundan sonra M. Nemətov keçmiş qayınatası, 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaq zərbələri vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Sonda qeyd edək ki, bunlar ən səs-küylü cinayətlər kimi yaddaşlarda qalıb. Amma keçmiş həyat yoldaşını döyən və öldürən keçmiş ərlərin sayı yüzlərlədir. Bu cinayətlərin əksəriyyəti isə qısqanclıq zəminində törədilib. Onlar məhkəmədə verdikləri ifadələrdə həyat yoldaşlarının başqa kişi ilə evlənməsini və ya başqası ilə sevgili olmasını qəbul edə bilmədikləri üçün bu hadisələri törətdiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Azərbaycanda 2016-ci ildə 13 min 114, 2017-ci ildə 14 min 514, 2018-ci ildə 14 min 900 boşanma faktı qeydə alınıb.

Fərid ƏDALƏT
BAKU.WS