Bakıda oteldə qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Gülnarə Məmmədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
teleqraf.com-a istinadən xəbər verir ki, Gülnarə Məmmədova 2015-ci ilin avqustun əvvəllərində fahişəliklə məşğul olan Sevil Babayevanın Binəqədi rayonunda yerləşən “İron” otelində şəxsiyyəti istintaqa məlum olmayan Azər adlı müştəri ilə cinsi əlaqədə olmasını təşkil edib.

Bunun müqabilində o, Azərdən fahişəliklə məşğul olan qadına verilməsi üçün 200 ABŞ dolları, özünə gəlir olaraq 100 ABŞ dolları alıb.

Gülnarə Məmmədovanın “Hyundai IX35" markalı avtomobilinə Səməd Qasımov servis xidməti göstərib.

Bunun müqabilində Gülnarə Məmmədova Səməd Qasımovu fahişəliklə məşğul olan Tamara Vəliyeva ilə sonuncunun kirayə yaşadığı Nərimanov rayonunda yerləşən mənzilində görüşdürüb.

İstintaq orqanı tərəfindən Gülnarə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Gülnarə Məmmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində heç kimi fahişəliyə məcbur etmədiyini deyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Tamara Vəliyevanın sözlərinə görə, Gülnarə Məmmədovanın təhriki ilə 2016-cı ilin sentyabrın sonlarında Osman və Turqay adlı şəxslərlə “Hyatt Recensy” otelinə gedib, həmin şəxslərin hər ikisi ilə cinsi əlaqədə olmağa məcbur olub:

“Daha sonra isə 2017-ci il martın sonlarında Gülnarənin avtomobilini təmənnasız təmir etmiş və bir dəfə də avtomobilinin yağını dəyişmiş Səməd adlı şəxslə Gülnarənin təhriki ilə cinsi əlaqədə olmuşam. Gülnarə məni inandırdı ki, Səmədlə cinsi əlaqədə ol, bununla da Səməd mənim də maddi ehtiyaclarımı ödəyəcək, həm də özü Səmədin qarşısında borclu qalmaz”.

Tamara Vəliyeva ilə intim əlaqədə olan Səməd cinayət işi üzrə şahid qismində ifadə verib. O bildirib ki, Gülnarənin avtomobilinin təmir və yağdəyişmə xərclərini ödəyib:

“Gülnarənin avtomobilini təmir etdirdikdən sonra mənə bir yolla bunun əvəzini çıxacağını bildirdi. Tamara mənimlə cinsi əlaqədə olmaq üçün təşkil etdiyi ilk qadın idi. Gülnarənin Tamaraya hədə-qorxu gəlməsindən məlumatım yoxdur. Lakin onu bilirdim ki, Tamara intim əlaqədə olmağa əvvəlcə razılaşmırdı, sonradan isə mənimlə cinsi əlaqədə olmağa razılıq verdi.

Tamaradan xoşum gəldiyi üçün sonuncuya əlavə olaraq 200 manat pul verəcəyimi bildirmişdim. Lakin həmin vaxt pulum olmadığına görə ona pul vermədən getdim”.

Cinayət işi üzrə ifadə verən digər zərərçəkmiş Sevil Babayeva bildirib ki, 2015-ci ilin avqustun əvvəllərində Gülnarə ilə Səbail rayonu “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb:

“Həmin vaxt biz birlikdə həmin ərazidə yerləşən restoranda Gülnarənin dostları Azər və Turalla birlikdə nahar etdik. Gülnarə təklikdə Azərin məni bəyəndiyini, mənimlə cinsi əlaqədə olmaq istədiyini və buna görə 300 ABŞ dolları verəcəyini bildirdi. Mən əvvəl razı olmadım. Lakin Gülnarə mənə özünün də Turalla cinsi əlaqədə olacağını dedi. Bundan sonra razılaşdım.

Həmin gecə Azər mənimlə cinsi əlaqədə oldu və masanın üzərinə 300 ABŞ dolları pul qoyaraq getdi. Gülnarə həmin pulu götürdü, 100 ABŞ dollarını özündə saxladı, 200 dollarını mənə verdi. Bildirdi ki, Azər onun tanışı olduğundan və Azərlə mənim cinsi əlaqədə olmağımı təşkil etdiyindən 100 ABŞ dollarını özünə götürür”.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Gülnarə Məmmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının əvvəli 2018-ci il oktyabrın 30-dan hesablanması barədə hökm elan edilib.

Hökmdən narazı qalan Gülnarə Məmmədova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, zərərçəkmişlərə hədə-qorxu gəlmədiyini, onların özləri könüllü müştərilərlə cinsi əlaqədə olduqlarını göstərib.

Gülnarə Məmmədova barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Gülnarə Məmmədovanın şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Gülnarə Məmmədova kasasiya şikayəti verib. O, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Gülnarə Məmmədovanın kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar açıqlanıb.

Gülnarə Məmmədovanın kasasiya şikayəti təmin olunmayıb.

BAKU.WS