SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS
  virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. S.Qədimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

Prosesdə mərhum Aytən Cəfərovanın anası Esmira Cəfərova dindirilib. O, ifadəsində S.Qədimovun hadisədən bir müddət əvvəl qızı ilə yaxınlıq etdiyini deyib:

"Qızım Sabirdən hamilə qalıb, aparıb həkimə dərman içiriblər. Aytən mənə dedi ki, zəhərlənmişəm. Xəstəxanaya apardıq. Məlum oldu ki, dörd aylıq hamilədir. Buna görə Sabirdən polisə şikayət etmədik. Qızımla evlənməsini istədik. Anasıgil gəldilər, dedilər ki, Sabirin nənəsinin ili çıxandan sonra elçi gələcəklər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən gedən kimi Sabir qızıma zəng vurub, onu təhqir edib".

Zərərçəkmiş E.Cəfərova deyib ki, Sabir qızını telefonda təhqir edəndən bir qədər sonra onların evinə gəlib: "Sabirin üzünə qapını mən açdım, tüfənglə məni vurdu. Əlimi qaldırdım, güllə əlimə dəydi, yerə yıxıldım. Qışqırdım, dedim ki, Aytən, evdən qaç. Sabirin əlləri əsirdi, tüfəngi yanında olan bibisi oğlu Sahibə verdi. O da tüfəngi doldurub, yenidən Sabirə uzatdı. Sabir də qızıma atəş açdı. Sürünə-sürünə qızımın yanına getdim, onu qaldırmağa gücüm qalmamışdı. Aytən yerdə "ana, bibi" deyə-deyə can verirdi. Küçəyə çıxdım. Qonşunun uşağı yerdə uzandığımı görüb, yaxınlaşdı. Təcili yardım maşını tez gəlsəydi, bəlkə də Aytən sağ qalacaqdı. İstintaq zamanı Sabirlə birgə onun bibisi oğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim. Lakin Sabirin guya orada olmadığını qeyd etdilər".

Məhkəmədə elan olunub ki, hadisədən sonra zərərçəkmiş E.Cəfərovanın iki barmağı amputasiya edilib.

Məhkəmə prosesi martın 29-da davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il may ayının 31-də Sabunçu rayonu, Qılman Salahov, 15 ünvanında baş verib. Belə ki, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək yenidən A.Cəfərovanın yaşadığı evə gəlib. Tüfənglə A.Cəfərovanın başına və bədəninə atəş açıb. S.Qədimovun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb. Hadisə vaxtı A.Cəfərovanın bacısı da evdə olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. E.Cəfərovanın həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib. A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

BAKU.WS