SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi şirkətdən 450 min manat oğurluq etməkdə ittiham olunan Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

BAKU.WS
 virtualaz.org-a istinadən xəbər verir ki, Rauf Nəbiyev "Sumqayıt Texnologiyalar Parkı” ASC-nin təhlükəsizlik departamentinin mütəxəssisi işləyib. O, adıçəkilən şirkətin ofisindən 450 min manat oğurlayıb.

Təqsirləndirilən Rauf Nəbiyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, oğurluq etdiyini boynuna alsa da, göstərilən məbləğlə razılaşmadığını deyib. İfadəsində cinayəti ehtiyac ucbatından törətdiyini, oğurladığı pullarla borclarını ödədiyini göstərib: "İyirmi min manat lazım idi. Həmin gün pulun çox olduğunu gördüm. Bazar günü olduğundan mühafizə əməkdaşlarından başqa işdə heç kim yox idi. Hər yerdə də kameralar işləyirdi. Bizim işimiz təhlükəsizliyə, kameralara nəzarət etmək ibarət idi. Otaqların qapısı açıq idi, içəri girib seyfdən pulu götürdüm. Məbləğ 20 mindən çox idi, hamısını götürdüm”.

R.Nəbiyev deyir ki, seyfdən pulu götürdükdən sonra ofisə “ehtiyacım olduğu üçün götürmüşəm, hissə-hissə də qaytaracam” məzmunlu məktub qoyub: “Məni tapacaqlarını bilirdim. Çünki kameralar hər şeyi çəkirdi. Həmin görüntüləri silmək, kameraları bağlamaq imkanım var idi".

Təqsirləndirilən şəxs ifadəsinin davamında oğurluq etdiyi gecə borclarını qaytardığını söyləyib: “Bir nəfərə 12 min manat borcum var idi. Bir neçə bankda kreditlərim, həmçinin ayrı-ayrı şəxslərə də borclarım çox idi. Hamısını ödədim. Qalan pul da evdə idi. Rəisə zəng vurub yerdə qalan pulu qaytarmaq istədiyimi dedim. Harada olduğumu soruşdu, yerimi dedim. Rəisim və iş yoldaşlarım gəldilər. Pulu verəndə gördüm ki, polislər də onlarla gəlib. Polis idarəsinə aparıldım".

Prosesdə "Sumqayıt Texnologiyalar Parkı” ASC-nin nümayəndəsi də iştirak edib. Nümayəndə bildirib ki, pulun 427 min 250 manatı qaytarılıb. Şirkətin nümayəndə 22 min 750 manatlıq mülki iddianı müdafiə etdiyini söyləyib.

R.Nəbiyevin vəkili şirkət nümayəndəsinin pulu ödəmək üçün güzəşt etmələrini xahiş edib: "Bu günə qədər şirkət rəhbərliyi çox yumşaq davrandı, güzəşt etdi. İndi də xahiş edirik ki, imkan varsa, bu məbləği hissə-hissə ödəməyə şərait yaratsınlar".

Məhkəmə prosesi fevralın 1-də davam edəcək.

BAKU.WS