SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin onlayn satışı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri - Məhəmməd Əlizadə, Tural Əlizadə, Rafiq Yusubzadə və Samir Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BAKU.WS
xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.


Elan olunmuş ittiham üzrə həmin şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.


Həmin şəxslər narkotik maddələrin istifadəçisi olduqlarını, satışı ilə məşğul olmadıqlarını söyləyiblər.


Daha sonra təqsirləndirilən T.Əlizadə sərbəst ifadə verib. O, digər təqsirləndirilən M.Əlizadə və R.Yusifzadənın uşaqlıq dostu olduğunu deyib: "Narkotik istifadəçisi olmuşam. Lakin nə satışı, nə də hər hansı şəbəkə ilə əlaqəm olmayıb. "Avrora" şirkətində mal paylayan işləmişəm. Məhəmmədlə dost olduğumdan tez-tez görüşmüşəm, birlikdə narkotik qəbul etmişik".


T.Əlizadənin sözlərinə görə, hadisə günü M.Əlizadə zəng edib R.Yusubzadə ilə onu görüşə çağırıb: "Məhəmməd Masazırda narkotik maddə götürəcəkdi. O, malı götürdü, lakin geri qayıtmadı. Bu zaman polislər məni tutub idarəyə apardı".


T.Əlizadə qeyd edib ki, narkotiki "Baba" adlı şəxsdən alıblar: "Onu şəhərdə hamı tanıyır, Türkiyədə yaşayır. Biz onunla danışırdıq, hesab nömrəsi verirdi. Ödəmə terminalında onun dediyi hesaba pulu köçürdürdük, çeki isə çəkib onun nömrəsinə göndərirdik. Yarım saat ərzində bizə yer deyirdi və gedib narkotiki götürürdük".


Digər təqsirləndirilən R.Yusifzadə dindirilən zaman söyləyib ki, "Baba" ilə eyni məktəbdə oxuyub. Taksi sürücüsü olduğunu deyən R.Yusifzadə bildirib ki, hadisə günü "Baba" ilə danışıb: "O, narkotik satışı ilə məşğul olurdu. Mən yalnız çəkəniyəm. Onunla danışıb narkotik istəmişəm. Ödəmə terminalında pulu hesaba ödədim, sonra mənə ünvan dedi. Ora gedib binanın qaz sayğacının içindən narkotiki götürdüm. Maşında narkotiki "eşən" zaman polislər məni tutdu".


Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan, ümumilikdə, 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.


BAKU.WS