Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Polis şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb.
Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.
Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS