VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən soyğunçuluq cinayətlərinin qarşısının alınması və ötən dövrlərdən bağlı qalan bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 14-də Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il mayın 31-də rayonun Qırmızı Qəsəbə ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Keçirilən tədbirlərlə Quba rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Xanməmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı F.Xanməmmədov törətdiyi cinayət əməlini etiraf edərək, istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup təşkil etdiklərini və zərərçəkən şəxsin evinə qanunsuz daxil olduqlarını, ev sahibinin əl və ayaqlarını yapışqan lentlə bağlayaraq evdən 400 ABŞ dolları, külli miqdarda dəyəri olan bir ədəd qızıl briliant qaşlı üzük, bir cüt briliant qaşlı sırğa və iki ədəd qızıl boyunbağını oğurladıqlarını, soyğunçuluq yolu ilə əldə etdikləri qızıl-zinət əşyalarını Bakı şəhərində yerləşən qızıl alqı-satqısı məntəqələrində sataraq pulları öz aralarında böldüklərini bildirib. Cinayətdə istifadə etdikləri göz yaşardıcı sprey, yapışqan lent və kapron bağlama maddi sübut kimi istintaqa təqdim olunub.

F.Xanməmmədovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki adı çəkilən şəxs və digər istintaqa məlum olmayan şəxslərlə birlikdə cari ilin iyunun 25-də Quba rayonunda yerləşən “Nizami” adına olan parkın ərazisində ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə park ərazisində olan rayonun I-ci Nügədi kənd sakini S.Qurbanova qarşı xuliqanlıq edərək, sonuncunu nalayiq söyüşlərlə təhqir etmişlər, yumruq və təpik zərbələri endirməklə onun sağlamlığına zərər vurublar.

Saxlanılan F.Xanməmmədovun və digər şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Faktlarla bağlı F.Xanməmmədovun barəsində Quba RPŞ-də cinayət işi açılıb. Hadisədə iştirak etmiş digər şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

BAKU.WS