VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Bir müddət Mehparə Əliyevadan və qızlarından xəbər ala bilmədik. Onların harada olduğunu bilmirdik. Bu barədə polisə müraciət etmişdik. Orda bildiriblər ki, Mehparəni və qızlarını hər yerdə axtarıblar, amma tapa bilmirlər”

BAKU.WS-in məlumatına görə, bunu amansızlıqla qətlə yetirilən Mehparənin qardaşı deyib.

O bildirib ki, polisdən bu cavabı alandan sonra Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə müraciət ediblər və bir həftə sonra cinayətin üstü açılıb.

Belə olan təqdirdə sual yaranır ki, hüquq-mühafizə orqanları 2014-cü ildə baş vermiş cinayətin üstünü 3 il keçsə də niyə aça bilməyib? Mehparənin və qızlarının Türkiyəyə getmədiyi əvvəlcədən niyə müəyyən edilməyib? Müvafiq qurumlar niyə bu barədə susub?

Hüquq-mühafizə orqanlarında peşəkarlarla yanaşı təəssüf ki, qeyri-peşəkarların da çalışdığını qeyd edən sabiq polis rəisi, ehtiyatda olan polkovnik Mahmud Hacıyev BAKU.WS-ə bildirdi ki, Salyandakı dəhşətli qətlin üstünün açılmasında söhbət sırf peşəkarlıqdan gedir.

“Çünki qətlə yetirilən qadının qohumları polisə müraciət ediblər. Ərazi və yaxud da rayon polis idarəsində 5 nəfərin naməlum şəraitdə itkin düşməsi ilə əlaqədar axtarış işi açılır. Bu iki hissədən ibarət olur: məxfi hissə və qeyri məxfi hissə. Söhbət 5 nəfərdən gedir. Bu çox ciddi məsələdir. Bu insanların nə meyitləri var, nə də diriləri. Bu axtarış işi cinayət işi kimi məsuliyyətli işdir. Buna cinayət axtarışının baş idarəsi rəhbərlik edir”, - deyə polkovnik qeyd etdi.

Onun sözlərinə görə, yerli polis idarəsində axtarış işi açılandan sonra əməliyyatlar aparılmağa başlanılır.

“Sahə müvəkkili, həmin əraziyə baxan əməliyyat müvəkkili, Cinayət axtarış şöbəsinin rəisi, polis idarəsinin rəisi, rəisin əməliyyat işləri üzrə müavini əməliyyatlara birbaşa nəzarət edir. Əməliyyatlara məxfi yazışmalar, qeyri məxfi sürətdə müvafiq yerlərə sorğular (Aeroprta, Dəmir yoluna, gömrüyə, sərhəd qoşunlarına) daxildir. Axırıncı dəfə onları harada görüblər, kim görüb, avtobusa miniblərmi, rayonu tərk ediblərmi kimi suallar ətrafında axtarışlar aparılır”, - deyə Mahmud Hacıyeb bildirdi.


Polis idarəsində açılan axtarış işində toplanan materiallar Baş prokurorluğa göndərilir və burada materiallar incələnir.

“Şübhə yaranır ki, burada ölüm faktının qoxusu gəlir və dərhal cinayət işi açılır”, - deyə Mahmud Hacıyev qeyd etdi.

Qaranlıq qalan sualların cavabının rəsmi tərəfini öyrənmək üçün Salyan rayon Polis Şöbəsi ilə əlaqə saxlasaq da İdarədən münasibət bildirmədilər.


2014-cü ilin mart ayında Fərhad Məhərrəm oğlu Əliyev həyat yoldaşı 56 yaşlı Mehparə Əliyevanı və 4 qızı - 1961-ci ildə anadan olmuş İradə Əliyevanı, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanı, 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanı və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanı vəhşicəsində qətlə yetirib. Fərhad Əliyev onların meyitlərini evin yataq otağının altında, zirzəmidə yer qazaraq basdırıb.

Həmin vaxtdan Mehparə və qızları itkin düşmüş şəxslər kimi axtarışda olublar. Lakin nəyə görəsə heç kimin ağlına gəlməyib ki, beş nəfər ailə üzvünün itkin düşməsinə görə F.Əliyevi və oğlunu dindirsin, ondan izahat alsın. Bu dəhşətli qətlin üstü isə təsadüfən Xoşqədəmin “Səni axtarıram” şousuna görə açılıb. Proqramda Mehparə və qızlarının Türkiyəyə getdiyi haqda ehtimalın müzakirəyə çıxarılmasından sonra cinayətkarlar bunu “qeyrətlərinə” sığışdırmayıblar və polisə gedib törətdikləri əməli etiraf ediblər. Mehparə və 4 qızı artıq dəfn olunub.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmış , cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev saxlanılıblar.

Səməd
BAKU.WS