SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin 7 iyun tarixində Siyəzən rayonu ərazisində - Beşdam kəndinə gedən yolda 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi "Opel Astra" markalı avtomobili aşırması və maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlunun aldığı xəsarətlərdən dünyasını dəyişməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Siyəzən rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işə baxılması zamanı maraqlı faktlar üzə çıxıb.

Bəlli olub ki, hadisəni törədən K.Ramazanov bu ilin aprel ayının sonlarında sürücülük vəsiqəsi, 1 ay sonra "Opel Astra" markalı minik avtomobili alıb. Bundan sonra isə o, dostları ilə yeni avtomobil almasını qeyd etmək məqsədilə toplayıb və onlar birlikdə yola düşüblər. Hadisəni təsvir edən təqsirləndirilən şəxs deyib:

"Nicat və digər 3 dostumla birlikdə iyunun 7-də saat 19:00 radələrində avtomobil almağımı qeyd etmək məqsədilə Qara Siyəzən kəndinə yola düşdük. Siyəzən-Beşdam yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etməyə başladıq, "Zaur Petrol" adlı YDM-dən bir qədər irəli keçdikdən sonra Siyəzən rayonu "Ataçay" adlanan yerə çatmağa az qalmış yolun sağ tərəfindən yola anidən it çıxdı. Mən həmin iti görmədim, itə çatmağımıza təxminən 10-15 metr qalmış onu gördüm və vurmamaq üçün sükanı sağa doğru döndərdim. İtin yanından keçəndən sonra avtomobili həddindən artıq sağa döndərdiyimi və avtomobilin çox hissəsinin yol çiyninə çıxdığını görərək sükanı sola tərəf çəkdim. Bu zaman avtomobil yolda olan çökəklik hissəyə düşdü, nəticədə idarəetməni itirdim və maşın sağa-sola ziqzaqvari hərəkətlər etməyə başladı. Bunu görən Nicat əlini sükana ataraq maşının idarəetməsini təmin etmək istəsə də, mənim tələbim əsasında sükanı buraxdı. Ola bilsin ki, həmin vaxt əyləc əvəzinə qaz pedalından istifadə etmişəm, nəticədə avtomobil yolun çiyninə çıxaraq bir qədər yolun kənarındakı torpaq ərazi ilə irəliləyib aşmağa başladı. Bir neçə dəfə aşdıqdan sonra avtomobil yolun kənarında olan boş ərazidə dayandı və mən dərhal avtomobildən düşdüm. Habelə Əmrahın, Natiqin və Sənanın maşından düşərək dayandıqlarını, Nicatın isə maşından təxminən 10 metr aralıda yerdə hərəkətsiz vəziyyətdə uzandığını gördüm və dərhal təcili yardım xidmətinə zəng vurduq. Bir neçə dəqiqə sonra təcili yardım avtomobili gələrək Nicatı, Əmrahı və Sənanı xəstəxanaya apardı, təxminən 10 dəqiqə sonra isə mən və Natiq xəstəxanaya getdik. Sonradan mənə Nicatın Siyəzən rayon xəstəxanasında ölməsini dedilər".

Məhkəmə Kamil Ramazanovu 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edib. Həmçinin o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.

BAKU.WS