SİZİN REKLAM BURADA!
055 213 76 73


2018-ci il oktyabrın 23-də Xətai Rayon Prokurorluğunda 29 yaşlı İlkin Abdullayevin keçmiş arvadı Səriyyə Abdullayevanı azyaşlı uşaqlarının gözü qarşısında xüsusi amansızlıqla qəsdən öldürməsinə görə CM-nin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Səriyyə Abdullayevanın bədən səthində 8 ədəd deşilmiş-kəsilmiş yara aşkarlanıb. Mərhumun ölümünə kəskin qanitirmə şoku səbəb olub.

İstintaqla müəyyən edilib ki, İlkin Abdullayev keçmiş arvadı Səriyyə Abdullayeva ilə şəxsi münasibətlərinin pozulmasına görə Zəngilan rayon Məhkəməsinin 1 mart 2016-cı il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulduqdan sonra iki azyaşlı uşağının anasının yanında qalmasına və onların saxlanılması üçün aliment ödəməsinə razılıq verib.

Amma bir müddət sonra uşaqların onun yanında qalmasını tələb edərək qadını narahat etməyə başlayıb, dəfələrlə onu təhqir edərək döyüb.

Səriyyə Abdullayevanın əxlaqsız həyat tərzi keçirdiyini zənn edərək qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə oktyabrın 23-ü saat 19 radələrində qadının yaşadığı Xətai rayonu, İnqilab İsmayılov küçəsindəki mənzilin qarşısına gəlib.

Keçmiş arvadının qapını açmayacağını bildiyindən aldatmaq məqsədilə öz mobil telefonunu bir qədər kənarda yerə qoyub, qapını döyüb. Qadına özü getdikdən sonra qapını açıb telefonu götürməsini bildirərək kənarda gözləyib.

Səriyyə İlkinin getdiyini düşünüb telefonu götürmək üçün qapını açdıqda cəld qapını dartıb içəri daxil olanda dəhlizdə 7 və 8 yaşlı övladları və keçmiş qayınatasını görüb.

Evdəkilərə əzab verdiyini dərk edərək üzərində gəzdirdiyi qatlanan təsərrüfat-məişət təyinatlı bıçaqla qadının onu vurmaması üçün yalvarmasına baxmayaraq, qəddarlıqla ardıcıl çoxsaylı zərbələr vuraraq Səriyyə Abdullayevanı qəsdən həyatdan məhrum edib.

İlkin Abdullayev bildirib ki, 2011-ci ildə tanış olduğu Səriyyə Abdullayeva ilə rəsmi nikahla ailə həyatı qurub. Evləndikdən sonra o, ailəsi ilə birlikdə Xətai rayonunda yerləşən binada, atasına məxsus mənzildə yaşayıb. Nigahlarının ilk illərində münasibətləri yaxşı olub. 2014-cü ildə qonşuluqda yaşayan Abbas adlı şəxsin Səriyyəyə söz atmasını bilib.

Həyat yoldaşı əsəbiləşməməsi üçün ona heç nə deməsə də, bu barədə qayınanasından eşidib. Bununla bağlı aralarında mübahisə yaranıb. Münasibətləri getdikcə pozulub və 2016-cı ildə onlar məhkəmə yolu ilə rəsmi qaydada boşanıblar.

2016-cı ildə İlkin Abbasla görüşüb və cəzalandırmaq məqsədi ilə ona bıçaqla xəsarət yetirib. Törətdiyi əmələ görə həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmü ilə 3 müddətinə azadlıqdan məhrum olunub, 1 il 10 ay cəza çəkdikdən sonra Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli sərəncamına əsasən əfv olunub.

Azadlığa çıxdıqdan sonra o, yaşayış binasında mühafizəçi işləyib. Həmçinin uşaqlara görə Səriyyə Abdullayeva ilə barışmaq istəyib. Dəfələrlə cəhd etsə də, Səriyyə barışmaq istəmədiyini deyərək uşaqları da verməyib.

Səriyyənin onunla barışmaq niyyətinin olmadığına görə qadının başqa şəxslərlə görüşməsindən şübhələnib. Hadisədən 2 gün əvvəl İlkin Səriyyəni yaşadığı binanın yaxınlığında tanımadığı oğlanla söhbət edərkən görüb.

Oktyabrın 23-də uşaqlarını götürmək üçün Səriyyəgilin binasının qarşısına gedib və onun işdən qayıtmasını gözləyib. Saat 19 radələrində keçmiş arvadının atası ilə birlikdə gəlib mənzilə qalxdıqlarını görüb.

Arxalarınca 9-cu mərtəbəyə qalxaraq qapılarını döyüb. Səriyyə qapını açaraq nə istədiyini soruşub, İlkin dəhlizə daxil olub, qapının yanında dayanıb və uşaqları ona verməsini tələb edib. Daha sonra cinayət əməlini gerçəkləşdirib. Evə çatıb, atasına Səriyyəni bıçaqladığını və özünün də xəsarət aldığını deyib.

Atası buna görə İlkini danlayıb, daha sonra müayinə üçün 3 saylı xəstəxanaya aparıb. Orada polis əməkdaşları tərəfindən saxlanılıb.

Şahid qismində dindirilmiş Səriyyənin atası Bəhram Cabbarov ifadəsində göstərib ki, qızı ailə qurduqdan sonra yoldaşının valideynləri ilə birlikdə Zığ qəsəbəsində, “Duzlu göl”ün yaxınlığında yerləşən evdə yaşayıb, ailəli olduqları müddətdə İlkin Səriyyəni çox vaxt döyüb.

O bildirib ki, zərbəni vuran kimi İlkin dərhal mənzildən çıxıb, pilləkənlərlə üzü aşağı qaçıb. Səriyyə isə yerə yıxılaraq huşunu itirib.

Qışqırıb qonşulardan kömək istəyib, təcili yardım çağırmalarını xahiş edib, səs-küyə qapı qonşuları bayıra çıxıb.

Bir müddətdən sonra gələn təcili tibbi yardım həkimləri müayinə edib, Səriyyənin öldüyünü bildiriblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi Zeynəb Salahova bildirib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət insanlığa sığmayan bir əməldir və bunun nəticəsində 2 uşaq anasız qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Abdullayev 18 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BAKU.WS
VİDEO

QALEREYA