SİZİN REKLAM BURADA!
055 213 76 73


- Hakan, hava çox istidir. Mənə su al.

- Oldu, abi. İki dəqiqəyə gəlirəm.

Türkiyədə səfərdə olduğum üç gün ərzində bu dialoq ən azı beş dəfə təkrarlandı. Hakan heç vaxt sözümdən çıxmırdı.

Qeydiyyat masasının arxasından qalxıb, yaxınlıqdakı marketə baş çəkir, yarım litr "Pınar" alıb, tez-tələsik geri qayıdırdı.

Maraqlısı isə o idi ki, Hakan təkcə mənim xahişimi yerinə yetirmirdi.

Qaldığımız otelin birinci mərtəbəsində yerləşən geniş salonda qəzet oxuyan, televizor seyr edən digər turistlər də onu su, ayran, meyvə almağa göndərirdilər ...

Ötən həftənin çərşənbə günü oteli tərk edəndə, hədsiz qayğıkeşliyinə görə Hakana təşəkkür etmək istədim. Amma sözümü tamamlamağa imkan vermədi:

"Abi, siz bizim müsafirimizsiniz. Qulluğunuzda dayanmaq borcumuzdur".

Sonra əlini cibinə salıb, bir kart çıxardı:

"Bu şəhərdə beş otelimiz var. Nə vaxt yolunuz düşsə, qonağımız ola bilərsiniz".

Kartın üstündə Hakanın adını görəndə, təəccübümü gizlədə bilmədim:

"Sənin soyadın Erdemdir?"

Gülə-gülə belə cavab verdi:

"Elədir, abi. Mən bu otelin sahibiyəm. Türkiyənin müxtəlif şəhərlərində 9 otelim var".

Kartın üzərindəki yazını bir də nəzərdən keçirdim. Yox, gözlərim məni aldatmırdı. Üstəlik, adam öz diliylə otelin sahibi olduğunu deyirdi ...

Qeyri-ixtiyari olaraq soruşdum:

"Əgər sənin 9 otelin varsa, niyə müştərilərə su, meyvə almağa özün gedirsən? Niyə bu cür xırda işlərin arxasınca otelin əməkdaşlarını göndərmirsən?"

Cavabı belə oldu:

"Mən atamın dizinin dibində böyümüşəm. Atam məndən beş dəfə zəngindir. Amma bu gün də hansısa otaqda unitaz xarab olanda, özü düzəldir. Məni zəhmətə atam alışdırıb".

Atasına salam göndərib, tələsik otelin qabağında gözləyən taksiyə əyləşdim ...

Siz Azərbaycanda hansısa varlı adamın bu cür sadə, mədəni olduğunu təsəvvür edə bilərsiniz? Üç gündən bəri fikirləşirəm, ağlıma bircə ad da gəlmir ...

Əllərinə pul düşən azərbaycanlıların əksəriyyətinin qudurduğu barədə çox yazılıb. Məsələn, iki-üç il əvvəl Goranboyda bir iş adamı itinə toy eləmişdi.

Onun bu mənasız mərasimə xərclədiyi pulla 25 uşağı sünnət elətdirmək olardı.

Azərbaycanda varlılar kasıblar üçün potensial təhlükə mənbəyidir. Onlar istədikləri vaxt bizi özlərinin qara "Galendewagen"lərinin iri təkərləri altında qarışqa kimi əzə bilərlər.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və azyaşlı nəvəsini özünün bahalı maşınının təkərləri altında xurd-xəşil etdiyi vaxtdan çox keçməyib.

Yaxud Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun zavallı avtobus sürücüsünü mal balası kimi döyməsi heç kimin yadından çıxmaylb.

Deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı isə bir müddət əvvəl daha da qabağa gedərək, vergi müfəttişlərinə və polis əməkdaşlarına əl qaldırmışdı ...

Günah övladlarda yox, atalardadır. Hakanın məşhur iş adamı olan atası oğluna insanları sevməyi, onlara qayğı göstərməyi, İqbal Məmmədov isə adam döyməyi öyrədib. Buna görə də onun oğlu insanlara qulluq edir, onları öyür, bunun oğlu isə qabağına çıxanı döyür ...

Seymur VERDİZADƏ
BAKU.WS