Yayın bu qaynar günlərində köşəmin isti adı yəqin ki, sizi cəlb elədi. Aranızda hətta həmin eynəkləri xatırlayanlar da oldu.

Bu məsələyə bir azdan qayıdacağam. Amma nə gizlədim, bəndənizi neçə gündür üç mövzu yaman narahat edir.

Onlardan biri xurafat, ikincisi adamların “ət” aclığı və nəhayət natamamlıq kompleksindən əziyyət çəkən kütlənin aqresiyyasıdır.

Hərəsi ayrı-ayrılıqda bir ayrı mövzuda olsa da sizi istirahətinizdən çox ayırmamaq şərti ilə hər mövzuya qısa fikirlərimi yazmağa çalışacağam. 

Mal pirinin “malları”

Əvvəla istəyirəm başlayım din adı altında yatan, yatmayan xurafatdan. Kimin evdə qarımış, bəxti bağlı qızı var üz tutur pirlərə.

Hələ bu yaxında mal qarasını da “mal piri”-nə aparan adamları görüb lap dəhşətə gəlmişəm. Arkadaş, 21-ci əsrə qədəm qoymuşuq.

Dünya Marsa, kosmosa tur paketlər hazırlamaqla məşğul olduğu bir erada sən özündə hansı planetin qafasını daşıyırsan?

Yadımdadır ki, 17 yaşımda məktəb müəllimləri ilə bərabər Xudat rayonuna tura getmişdik. Orada meşədə yerləşən, adını unutduğum pirlərdən birini də müəllimlərin  israrı ilə ziyarət etmişdik.

Pirdə əsas məqsəd, məram iki daş arasına pul qoyub niyyət tutmaq, daha sonra balaca daşlar arasından keçmək, ağaclara parça bağlamaq və s. idi.

Deyilənə görə həmin pirə gələn subay qızlar ordan gedəndən sonra cəmi bir il ərzində ərə gedirdilər. Təbii, hər kəsin bir inamı, seçimi var.

Lakin adına müəllim dediyimiz insanların düşünürəm ki, belə cahil seçimləri, inancları olmamalı idi.

Təəssüflər olsun ki, orada gördüklərim tam əksini deyirdi.

Həmin gün mən o pirdən  “daşa dönən arzular” adlı bir reportaj da hazırlamışdım. Anam indiyədək mənim belə danışığıma əsəbləşir. Hətta məhz bu davranışıma, fikirlərimə görə ərə getmədiyimi düşünür.

Çünki bizimlə həmin pirdə niyyət edən bütün subay qızlar ərə gedib də, boşanıb da, ikinci dəfə toya hazırlaşır da.

Təbii ki, bunlar hər biri özü-özlüyündə mənə görə batil inanclardır.

İnsan nə qədər savadsız, cahil olmalıdır ki, kiminsə qaloşunu öpüb ondan mədət umsun? Kim bilir o qaloşa  minlərcə ağızdan nə qədər mikrob, xəstəlik yoluxub.

Qaloşdan şəfa umanlar sağlamlıqlarını necə bir riskə atdıqlarının fərqindədirlərmi görəsən?

yəqin ki, yox. Necə ki, mal-qarasını “mal piri”nə gətirib heyvanları orada yemləyən adamlar kimi. Bu cahillik, bisavadlıq maarifçilik dövrünün böyük insanlarını çərlədib öldürdü.

Aradan əsrlər keçdi, amma dəyişən heç nə yoxdur. adamlar yenə başqa formada, eyni məzmunda daşa, ağaca, divara tapınırlar.

Arada qazananlar isə həmin müqəddəslərin qohum-əqrəbası, nəsli-nəcabətidir. Nə deyim, xeyrin görəsiz!

“Ət”ə həsrət kişilər


Yuxarıda adını çəkdiyim “ət” aclığı isə sizin fikirləşdiyiniz o mal ətindən deyil haa. Bu bir başqa ətdir, arkadaş. Qardaşı qardaşa, dostu-dosta düşmən edən, evlərə lo salan “ət”. Yenə ağlınız haralara getdi bilmirəm. sözümün canı, yay gəldi, qızlar, gəlinlər təbii haldır ki, bir az soyunmaq istəyirlər. Yaxşı, bilirəm indi ağzını büzüb “bir az?” soruşursan.

Olsun! Deyək ki, istidir. Qadınların bədən ölçüləri icazə verirsə mənə görə dərin dekolteli geyimləri normaldır.

Amma sənin nümayiş etdirdiyin “ət” aclığın artıq anormaldır. Məsələn, indi sadalayacaqlarım yəqin ki,  sizə heç də yad səhnələr deyil.

Şort, açıq sinəli geyimlər geyinən qızların küçədə məruz qaldığı “qaqaş baxışları”, “səni nə yeyərəm” atmacaları... və s. bu tipli replikalar. Bilmirəm, aranızda həmin dövrü xatırlayanlar var ya yox?

Bakıda bir ara, hələ instagramın olmadığı bir dövrdə, camaat arasında belə bir xəbər gəzirdi ki, şəhərə adamı lüt göstərən eynəklər gətirilib. Hətta bəzi eynək mağazaları bununla özünü babat reklam da etmişdi.

Sizi inandırım ki, başqa vaxt namus-qeyrət söhbəti aparan qaqalar həmin zamanlar bütün varını, yoxunu satıb o eynəyi almağa hazır idi ki, küçədə camaatın “anası, bayısının” gündəyməzinə baxsın.

Düşünürəm, görəsən niyə bizim kişilər qadının ətinə bu qədər ac, susamışdır? Müsəlmanıq deyirsiz.

Bəli, nədənsə xristianlar üçün bu aclıq adidir, normaldır. Gözləri toxdur. Nə deyim, Allah sizin də  gözünüzü doydursun!

Söyməyi dəbə çevirənlər

Və nəhayət sonda bu gün kütlənin, xüsusilə də sosial şəbəkələrdə od-alov, aqressiya püskürən adamların psixoloji vəziyyətinə bir sonluq yazmaq istəyirəm.

Bu aqresiyyaya hər həftə verilişdən sonra məruz qalan aparıcı kimi mövzu məni daha çox narahat edir. qardaş, bacı, sənə niyə belə az sevgi bağışlayıblar?

Niyə valideynlərin səni qayğıdan uzaq nifrət, kin içində böyüdüb?

Xüsusilə də, həmcinslərimin səbəbsiz nifrətini çözməyə çalışıram.

Anlayıram, psixologiyada natamamlıq kompleksi yaşayan adamlar adətən başqalarını alçaltmaq, təhqir etməklə özlərini üstün hesab etməyə çalışır.

Amma sən niyə özünü olduğun kimi sevmək, qəbul eləmək əvəzinə təhqiri seçirsən, gözəl bacım? Sakitləşin, xanımlar və cənablar! Nə deyim, Tanrı sizə yar olsun!

Yeganə Cansail
BAKU.WS