SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün sosial şəbəkələrdə əməkdar artist Hüsniyyə Mürvətova ilə şəklimizi paylaşmışdım. Hüsniyyə xanımla eyni verilişdə qonaq idik, yanaşı əyləşmişdik.

Reklam fasiləsində qərara gəldik ki, bu anı əbədiləşdirək. Burda pis nə var ki?

Tələsməyin, hamı mənim, yaxud sizin kimi xoşniyyətli deyil. İlk etiraz ən yaxın dostumdan gəldi:

"Niyə müğənniləri ekspert statusu ilə verilişlərə dəvət edirlər? Onların çoxunun ailəsi yoxdur. Əxlaqsız adamlar əxlaqdan, tərbiyədın necə danışa bilərlər?!"

Hüsniyyə xanımın müğənni deyil, aktrisa olduğunu, səhnədə bir-birindən gözəl obrazlar yaratdığını, "Əməkdar artist" fəxri adı ilə təltif olunduğunu xatırladıb, virtual dostlarımı sakitləşdirməyə çalışdım.

Yanlışlığı aradan qaldırmaq mümkün oldu. Amma bir rəy hamının mövqeyini ifadə edirdi: "Bizim Hüsniyyə xanıma iradımız yoxdur.

Biz müğənnilərin tez-tez efirdə görünməsinə etiraz edirik. Bu adamlar bizə ağıl öyrədə bilməzlər".

Bu cür reaksiya ilə qarşılaşmağım ilk dəfə deyil.

Hələ 8 il əvvəl ANS-də tanınmış telejurnalist Elçin Əlibəylinin moderatorluğu ilə müğənni Vasif Məhərrəmliylə birlikdə bu problemi müzakirə etmişdik. İnkar etməyin, malalamağın yeri yoxdur:

Azərbaycan cəmiyyəti şou əhlinə nifrət edir. Sosial şəbəkələrdə ən çox təhqir olunan zümrə müğənnilərdir.

Bu adamlardan söz düşəndə, ana-bacı söyüşləri havada uçuşur. Mənim söyüşün və təhqirin əleyhinə olmağım heç nəyi dəyişmir.

Şou əhlinə qarşı aqressiyanın getdikcə artmasının bir neçə səbəbi var. Əsas səbəb odur ki, bu adamların çoxunun təkcə səsi deyil, səviyyəsi də yoxdur.

Səviyyəsi olan adam deməz ki, "akademikin də soyuducusuna baxın, mənim də. Akademik acından ölür, amma mən ceyran əti yeyirəm".

İkinci səbəb isə odur ki, müğənnilər bizim hamımızdan yaxşı yaşayır. Şəxsən mən Azərbaycanda hamının yaxşı yaşamasını istəyirəm.

YAP-çı dostlarımızın dediklərinə çox da inanmayın, Azərbaycanda heç də hamı yaxşı yaşamır.

Bəzi yelbeyin müğənnilərin 100-150 min manatlıq maşın sürdüyü bu ölkədə aliment borcuna görə tanınmış şairi dama basırlar.

Alimin 3 ildə bir dəfə kostyumunu dəyişə bilmədiyi bu məmləkətdə yumurtadan dünən çıxmış müğənnilər gündə 3 dəfə paltar dəyişirlər.

Ziyalıların, fikir adamlarının darısqal, rütubətli kirayə evlərdə, natəmiz yataqxanalarda çürüdüyü günəşli vətənimizdə müğənnilər beşmərtəbəli villalarda yaşayırlar.

Ən pisi isə odur ki, onlar özlərinin dəbdəbəli həyat tərzini kasıb camaatın gözünə soxurlar.

Mən bolşevik deyiləm. İnsan dünyaya bir dəfə gəlir. Hər kəsin yaxşı yaşamaq, həyatdan zövq almaq hüququ var.

Amma söhbət ondan gedir ki, hər kəs öz ağlına, istedadına, çəkdiyi zəhmətə uyğun yaşamalıdır. Dövlətin resursları bir qrup adamın rifah halının yaxşılaşmasına yönəlməməlidir.

Hamı bilir ki, müğənniləri yağ-bal içində bəsləyən adamların əksəriyyəti məmurlar və onların harınlamış övladlarıdır.

Həmin məmur uşaqları atalarının xalqdan oğurladıqları pulun hesabına müğənnilərə villa alırlar.

Sosial ədalət prinsipi pizulduğu üçün cəmiyyətdə aqressiya günbəgün artır. Hədəfdə hələlik müğənnilərdir.

Çünki qara camaatın onlara gücü çatır. Bir gün hədəf taxtasında yerlərin dəyişəcəyi istisna deyil...

Seymur Verdizadə
BAKU.WS