SİZİN REKLAM BURADA!
055 213 76 73


 “Reseptdəki dərmanların hamısını alın. Pulunuz var? Orada da vaxt itirməyin. Çünki, müsahibədən nə vaxt çıxacağımı hələ bilmirəm”.

Onun yolunu “İşdən sonra” layihəsi üçün düz bir ildir ki, gözləyirəm. Nəhayət ki, iş və şəxsi qayğıların arasında  bizə də vaxt tapa bildi.
Uzun sözün qısası müsahibim millət vəkili Jalə Əliyeva ilə söhbətimiz divarlarında “sərvət yatan” Xətai İncəsənət Mərkəzində vaqe olacaq.

Jalə Əliyeva: Hə, başlayaq?

Başlayaq! 

Bugünki qəhrəmanım içəri girər-girməz özünü pianinonun ağuşuna atdı. 

Jalə xanım, deyəsən gün ərzində şəxsi və sosial qayğılar sizi çox yorub. Elə söhbətimizə də buradan giriş verək. Tanınmış insanlar hazıra nazirdirlər,  fikiri hər zaman olub. Sizinlə  bugünki görüşümüzdə özüm üçün bəlli etdim ki, bu fikir hər zaman keçərli deyil. Yaxınlarınızın qayğısını siz çəkirsiniz, problemini siz həll edirsiniz. Bəs Jalə Əliyevanın qayğısını kim çəkir?


Yaxşı sualdı!  Bəli, çox vaxt  tanınmışlara hər şey hazır  və qızıl  qabda gəldiyini düşünürlər. Amma bu belə deyil. Özümün qayğımı elə Jalənin özü çəkir. Daha sonra qızım, ailəm... Sizə bir  söz deyim ki, mən ətrafımdakı insanları  şəxsi qayğılarımla  yükləməyi sevmirəm.  Düşürəm ki, adamlara yük olmaq lazım deyil. Yükümü özüm daşımaq, məndə illərin vərdişidir! İşlərimin arxasınca özüm getməsəm, mənə elə gəlir ki, nəsə yolunda olmayacaq. Bilirsiz Nurəngiz Gün nə deyirdi?

Mənim ağırlığımı 
mənim ayaqlarım çəkir 
Ayaqlarım nə çəkir, özü çəkir, özü bilir. 
Mənim güzarımın çərxini 
mənim başım hərləyir. 
Başım nə hərləyir, özü hərləyir, özü bilir. 

- Jalə Əliyeva hüzuru, rahatçılığı harada tapır?

Mənimlə eyni düşüncəni paylaşan insanların yanında,  təbiət qoynunda, elə öz iş otağımda özümü  yaxşı hiss edirəm. Harada məndən bir parça var, ora mənə hüzurdur. Haradaki, öz zövqümlə, öz əlimlə nəsə yaratmışamsa o məkan mənə xoşdur.

Jalə xanımla söhbətimizə Xətai İncəsənət Mərkəzinin  əməkdaşı olan Nəzakət xanımın da qoşulur: “Ordubad mürəbbəsidir, nuş edin!”.

Jalə Əliyeva: Mən ikinci dəfədir ki, badımcan mürəbbəsi yeyirəm. Keçən il özüm də bişirdim, nəsə yaxşı alınmadı.


- Söhbət əsasında öyrənirik ki, Jalə xanımın üçüncü nəvəsi də dünyaya gələcək. Maraqlıdır, üçüncü nəvənizi də eyni həyəcanla gözləyirsiniz?

Demək olar ki, dəyişən heç bir şey yoxdur. Birinci və ikinci nəvəmi hansı həyəcanla  gözləyirdiksə, bunda da elədir. Hətta, indi məsuliyyət və qorxu daha çoxdur.

- Ana, yoxsa nənə Jalə Əliyeva daha çox səbirlidir?

Birmənalı olaraq nənə Jalə Əliyeva. Nəvələrimin xətrinə çox  məsələlərdə  güzəştə gedirəm. Qızım səsin onlara qaldıranda mən elə bilirəm ki, dünyam yıxılır. Mən də yoruluram. Amma son dəqiqəyə kimi səbrimi saxlayıram.


- Hansı yaşda olan Jalə Əliyeva üçün darıxırsız?

Uşaq Jalə üçün... Hər kəs uşaqlığını daha çox   sevir. Qayğısız, dünya yükünü anlamadığın bir dövrdə olursan.  Mən uşaq olanda, dünyanı çəhrayi rəngdə  görürdüm.  Bir söz də  deyim, bugünki  kimliyim elə uşaqlığımın və gəcliyimin davamıdır. Deməzdim ki, çox dəyişmişəm. Sadəcə yaşadıqların səni daha çox səbirli, dözümlü və anlayışlı edir. Bu baxımdan bugünki Jalə də mənə doğmadır.

- Ananız Nurəngiz Gündən daha çox nəyi öyrənmisiniz?

Nikbinlik. Həyatdan çox şey  umammaq. Dünya malına tox olmaq. Zənginliyin arxasınca qaçmamaq. Ədalətli olmaq. İmkanı daxilində insanların köməyinə gəlmək.

- Maraqlıdır səbrli, sadə və səmimi Jalə özünə qarşı zidd çıxır?

Özümə zidd gedə bilirəm. Mən tərəzi bürcüyəm. Tərəzi bürcü tarazlıq sevir. Həyatımda hər şeyi çox taraz istəyirəm. Simmetriyanı həddindən çox sevirəm. Bu tarazlıq ətrafımdakı insanlara qarşıda belədir. Özümə zidd o halda gedirəm ki, orada  ədalət prinspi pozular. Haqsızlıq olan yerdə rəvan, sakit və mülayim Jaləni görə bilməzsiniz! 


- Qadının tək yüksəlməyi  birmənalı qarşılanmır. Mütləq ki, bir alt mənası olur. Nəsə  söz-söhbət  yayılır. Sizin ünvanınıza belə  dedi –qodu yayanlar çox oldu? Məsələn nə dedilər?
 
Tam səmimiyyətimlə deyə bilərəm ki, heçnə demədilər. Ən azından mən eşitmədim! Hər bir insanın cəmiyyət içərisində, onu əhatə edən insanlar arasında formalaşmış bir imici var. Bu imic sağlam və bütövdürsə, sonrada ona nəyisə düzüb-qoşmaq, yamamaq mümkün deyil.
Hüseyn Cavid nə deyir?

Qadın gülərsə şu issız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək

Qadının köməyi olmasa yüksələ bilməz düşüncəsinə sahib olanlara bir sözüm var! Bəşər övladını dünyaya qadın gətirdiyini unutmayın. Demək ki, qadın güclü varlıqdır. İndi bu müsahibəni oxuyan  kişilər deməsinlər ki, mən feministəm. Yox, belə deyil! Kişinin də cəmiyyətdə yeri  xüsusidir. Allah kişini daha güclü işlərə səfərbər  etmək üçün  yaradıb. Hər iki varlığın bu cəmiyyətdə əvəzsiz yeri və rolu var. 


- Jalə xanım az öncə cəmiyyətə güclü kişinin rolunu vurğuladınız. Bəs siz, yaşadıqlarınıza “boylananda” arxanızda hansı statusda olan kişini görmək istərdiniz? Ata, həyat yoldaşı, qardaş, yoxsa oğul? 

Bütün qız övladları kimi, mənim də tanıdığım ilk kişi atamdır. Atamdan da çox şeyi öyrənmişəm. Atam çox əliaçıq, comərd bir adam idi. Hələ  xatırlamıram ki, hansısa məclisdə atamdan başqa kimsə əlin cibinə salsın. Ona görə yox ki, atamın cibi geniş idi. Yox! Adi bir insan idi. Müəllim və radio rejissoru idi. Mən atamla fəxr edirdim. Tale elə gətirib ki, qardaş payım olmayıb.

Oğul övladımın olmasını arzu etmişdim. Bu arzu da mənə qismət olmayıb. Amma nəvələrimə çox rahatlıqla oğlum deyə bilirəm. Onlar mənim həyata keçməyən arzumdur. Sualınza qısa cavab verim  ki,  çönüb  arxaya baxanda kişi cinsindən arxamda oğul görmək istəmişəm. Ailə qurduqdan və atam olmadıqda sonra oğul arzulamışam. İstəmişəm ki,  həyatımda oğlum olsun.

Və... Bayaqdan götür - qoy  edib, vermək istədiyim sual.  Sevib evlənmisiniz?

Olub keçmiş məsələlərdən danışmayaq.

Söhbətləşdi: Gülşanə Mustafayeva
Foto: Mahir
BAKU.WS
VİDEO