SİZİN REKLAM BURADA!
055 213 76 73


- Adaş, məni tanımadın?

- Yaddaşıma nə qədər güc versəm də, təxminən mənimlə həmyaşıd olan bu adamın kimliyini yadıma sala bilmədim.

Sevgi dolu baxışlarını üzümdə gəzdirdiyini görəndə, etika xatirinə belə cavab verdim: "Sifətin tanış gəlir, amma yadıma sala bilmirəm".

Ərklə əlini çiynimə qoyub, izahat verdi: "İyirmi bir il əvvəl "uçebka"da bir yerdə olmuşuq. Yaxşı "şaqat" eləyə bilmədiyinə görə sırada gedəndə həmişə arxadan ayağıma vururdun".

Qeyri-ixtiyari dilləndim: "Cəfərov?!"

Bir andaca sifəti işıqlandı, dodaqlarına təbəssüm qondu: "Hə, hə, Cəfərov! Bir tikə çörəyi o qədər yarı bölmüşük ki..."

Özümüzü yaxınlıqdakı çayxanaların birinə verib, söhbətə girişdik. Yəqin peşə vərdişidir, ilk sualı mən verdim: "Cəfərov haralardasan? Nə işlə məşğulsan?"

Armudu stəkanda buğlanan çaydan bir qurtum içib, danışmağa başladı: "Almaniyada idim, altı ay əvvəl gəlmişəm".

Tanıdığım adamların əksəriyyətinin Avropa ölkələrinə, xüsusilə Almaniyaya can atdığı bir vaxtda əsgərlik yoldaşımın Azərbaycana qayıtması diqqətimi cəlb etməyə bilməzdi.

Odur ki, zarafata salıb soruşdum: "Cəfərov, orda bir alman qızı tapa bilmədin ki, evlənib vətəndaşlıq alasan?"

Qarşısındakı isti çaydan bir qurtum içib söhbətə başladı: "Bir türk vəkilim var idi. Dedi ki, altı ay ərzində evlənməsən, səni ölkədən çıxaracaqlar.

Mən də tez-tələsik bir arvad tapdım. Razılaşdığımız kimi, əvvəl min avro verdim. Toydan sonra da iki min avro verəcəkdim. Mərdimazar imkan vermədi..."

Maraq güc gəldiyi üçün soruşdim: "Mərdimazar kimdir?"

Yazıq görkəm alıb dedi:

"Verdizadə, Avropada bizə üstdən aşağı baxırlar. Buna görə də yerli qadınlarla evlənmək istəyən əcnəbilərin həyatını ələk-vələk edirlər. Nikah üçün müraciət edəndən sonra polis məni araşdırmağa başladı.

Evlənəcəyim qadının qonşularını, iş yoldaşlarını sorğu-sual etdilər. Hamısı dedi ki, onlar bir-birini sevmirlər, ortada təmənna var.

Bundan sonra yaşadığım ünvana məktub gəldi. Vəkil dedi ki, Almaniya dövlətini aldatmağa cəhd göstərdiyinə görə səni tutacaqlar. Dərhal aradan çıx. Gecəylə başımı götürüb qaçdım".

Bilmədim, gülüm, yoxsa kədərlənim...

Ona təsəlli verməyə çalışdığım bir vaxtda başımızın üstünü 28-30 yaşlı bir oğlan kəsdirdi: "Siz Seymur müəllim deyilsiniz?"

Onun sözlərini başımla təsdiqləyəndə, sevincək dilləndi: "Sizinlə işim var?"

Oturmaq üçün yer göstərdim. Yanımdakı boş stulda əyləşən kimi mətləbə keçdi: "Müəllim, ölkədən çıxmağıma qadağa qoyublar..."

Sözünü tamamlamağa imkan vermədim: "Niyə?"

Başını aşağı salıb öləzimiş səslə dilləndi: "Altı ildir, aliment vermirəm".

Məndən əvvəl əsgərlik yoldaşım dilləndi: "Neçə uşağın var?"

Baxışlarını iri küknar ağacının gövdəsinə zilləyib yenə zəif səslə cavab verdi: "Dörd arvaddan beş uşağım var".

- Nə? – Təəccübdən əsgərlik yoldaşımın gözləri bərəldi, əlindəki stəkan yerə düşüb çilik-çilik oldu. Bu söhbəti uzatmağın mənasız olduğunu bildiyim üçün tanış vəkillərdən birinin telefon nömrəsini verib, onu yola saldım. Cəfərov özünə gələndə əllərilə başına bir qapaz vurdu:

"Kül mənim kişi başıma. Beş il Almaniyada yaşadım, bir arvad ala bilmədim. Camaat burda beş ildə dörd arvad alır".

Azərbaycanda boşanmaların sayının sürətlə artdığını, orta hesabla bir gündə 44 nikahın pozulduğunu deyəndə reaksiyası belə oldu: "Başqa cür ola bilməz. Bizim kişilər arvadı pencək kimi dəyişirlər".

Araya sükut çökdü. Əlimi soyumuş çaynikin üstünə qoydum: "Çay soyuyub. Çayniki dəyişək?"

Başını mənə tərəf uzatdı: "Bura bahalı yerdir. Qalx gedək!"

Çayın pulunu verib, çayxananı tərk etdik. Beş-on addım uzaqlaşan kimi ağzımı onun qulağına yapışdırdım: "Görürsən, Cəfərov, biz bir çayniki dəyişə bilmirik, amma camaat hər il bir arvad dəyişir".

İkimiz də ürəkdən güldük. Amma vəziyyət ağlamalıdır...

Seymur Verdiyev
BAKU.WS