SİZİN REKLAM BURADA!
055 213 76 73


Üç-dörd il əvvəl metro ilə işdən evə qayıdarkən yanımda cavan bir oğlan əyləşmişdi. Onun ətrafdakı səs-küyə məhəl qoymadan kitab oxuması məni çox sevindirmişdi.

Amma sevincimin ömrü uzun olmadı. Oğlan qrip olduğu üçün tez-tez asqırıb, bizi narahat edirdi.

Ən pisi isə o idi ki, asqıranda nəinki dəsmalla, heç əli ilə də ağzını tutmurdu.

Axırıncı dəfə necə asqırdısa, ağzından qopan bir topa tüpürcək bizimlə üzbəüz əyləşən yaşlı qadının alnına yapışdı. Həmin vaxt beynimdən bir fikir keçdi:

"Kaş, kitab oxumayaydın, amma asqıranda ağzını tutaydın..."

Neçə illərdi ki, televiziya çıxışlarımda insanları teatra, muzeyə getməyə, mədəni zövqlərini inkişaf etdirməyə səsləyirəm.

Təbii ki, sözü ilə əməli üst-üstə düşən adam kimi özüm də tez-tez teatra gedir, yeni tamaşaları izləyir, təəssüratımı oxucularla bölüşürəm.

Ötən həftə yenə ölkənin tanınmış sənət ocaqlarından birinə üz tutmuşdum. Təəssüratım ürəkaçan deyil.

Tamaşa başlayanda zalın yarısı boş idi. Axşam 7-də başlayan tamaşaya 8-in yarısı, hətta 8-də gələn "teatrsevərlər" az deyildi. Ənlikli-kirşanlı arvadların dikdabanlarının səsi təkcə tamaşaçıların deyil, aktyorların da fikrini dağıdırdı.

Tamaşa başlayandan 15-20 dəqiqə sonra yanımdakı boş yerdə yekəqarın bir kişi əyləşdi.

Yediyi sarımsağın qoxusu ürəyimi bulandırırdı. Salon yarıqaranlıq olsa da, bizdən qabaqkı cərgədə əyləşən tamaşaçıların əlləri ilə burunlarını tutduqlarını görə bilirdim.

Ürəyimdə Allaha yalvarırdım ki, birinci hissə tez başa çatsın və mən yerimi dəyişim...

İkinci hissə başlayanda ana-bala olduqları xarici görünüşlərindən sezilən iki xanımın yanında əyləşdim. Amma bu dəfə də bəxtim gətirmədi.

Tamaşa başa çatana kimi həmin xanımların telefonuna 6 dəfə zəng gəldi. Hər dəfə "teatrdayam, sonra zəng edərəm" - desələr də, ən azı iki-üç dəqiqə danışırdılar.

Hər zəngdən sonra bizə yaxınlaşan nəzarətçi xanımların tənəli baxışları altda əzilsəm də, bu qadınlarla yaxından-uzaqdan hər hansı əlaqəmin olmadığını deməyə heç cür fürsət tapa bilmədim...

Əvvəllər teatra, muzeyə, baletə mədəni adamlar gedirdilər. Amma indi sarımsaq yeyib teatra gedən, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, telefonunu söndürməyən qanmazlarla tez-tez qarşılaşırıq.

Televiziyadakı çıxışlarımı ürəkdən bəyəndiyini deyən orta yaşlı bir qadın teatra gəlişinin səbəbini üç-dörd ay əvvəl mənə belə izah etmişdi:

"Qızımın "hə"sini yeni vermişik. İstəyirəm ki, qudalarımız mədəni adam olduğumuzu görsünlər".

Söz vaxtına çəkər, bir il əvvəl ailəlikcə şimal bölgəsinə istirahətə getmişdik. Bir bazar günü zəruri ərzaq məhsullarını alıb yaşadığımız kəndə qayıdanda səs-küy qopdu, aləm bir-birinə dəydi.

Qabağımızı kəsib, təciliyardım maşınına yol açan polis əməkdaşından nə baş verdiyini soruşanda, belə cavab verdi: "Pirdən yaralıları gətirirlər".

Ard-arda şütüyən iki təciliyardım maşını ötüb keçəndən sonra polis əməkdaşından məsələnin təfərrüatını anlatmağı xahiş etdim. Həvəslə izahat verdi:

"Rayonumuzun dağ kəndlərinin birində məşhur pir var. Deməli, iri gövdəli bir ağacdır. Ağacın dibini qazdıqları üçün oyuq əmələ gəlib. Kim həmin oyuqdan o tərəfə keçsə, arzusu çin olur.

Təciliyardım maşınındakı adamlar ağacın altından keçərkən bellərini zədələyiblər, bir neçə nəfərin isə diz qapağı dağılıb".

Məni gülmək tutdu. Hətta o qədər ürəkdən güldüm ki, ətrafdakı adamlar dönüb mənə baxdılar...

Bayaqdan bəri mənimlə şirin-şirin söhbət edən polis əməkdaşı narazı halda başını buladı: "Şəkk gətirməyin, ağzınız əyilər".

Məni efirdən tanıyan, söhbət əsnasında xüsusi hörmətinin olduğunu bir neçə dəfə dilə gətirən bu cavan oğlanın könlünü almaq üçün mülayim səslə soruşdum:

"Bilmirsən, yaralılar kimlərdir? Nə işlə məşğul olurlar?"

Bir az əvvəlki incikliyi unudub, həvəslə cavab verdi:

"Hamısı həkimdir. Bakıdakı məşhur xəstəxanaların birində çalışlrlar".

Seymur Verdizadə
BAKU.WS