SİZİN REKLAM BURADA!
055 213 76 73


- Siyavuş oğluna sünnət edir.

- Siyavuş kimdir, ay ana?

- Bıyy, başıma xeyir. A bala, Siyavuşu tanımırsan? Xalanəvəsi...

Ötən həftə Şəkidən aldığım nanəli şirniyyat boğazımda qaldı, nə qədər çalışdımsa, uda bilmədim. Əlimdəki fincanı masanın üstünə qoyub, diqqətlə anama baxdım. Bir andaca beynimdən qara-qura fikirlər keçdi: "Görəsən, bu arvada nə olub? Bəlkə xəstələnib..."

Anam həssas qadın olduğu üçün nigarançılığımı dərhal anladı: "A bala, mənə niyə elə baxırsan?"

Suala sualla cavab verdim: "Siyavuş müəllimin oğlu əsgərlikdə deyil?"

Anamın cavabı özünü çox gözlətmədi: "Əsgərlikdədir. İnşallah, oktyabrda gələcək".

Anam köhnə arvadlardandır. Dəqiqliyinə əmin olmadığı sözü heç vaxt dilinə gətirməz. Bəs, indi nə olmuşdu? Siyavuş müəllim əsgərlikdə olan oğluna necə sünnət edəcək? Bu müəmmadan heç cür baş aça bilmirdim...

- Ay oğul, nə fikirləşirsən? - Anamın səsi məni fikrimdən ayırdı.

- Ana, Siyavuş müəllim o vaxt Ayxana sünnət eləməmişdi?

- Eləmişdi. Rəhmətlik dədənlə mən getmişdim...

- Bəs, universitet qurtaran oğlana ikinci dəfə necə sünnət edəcək?

Anam yaxınlaşıb, əlini çiynimə qoydu:

"Mənim saf balam. Başın iş-gücə o qədər qarışıb ki, dünyadan xəbərin yoxdur. Siyavuş oğluna 15 il əvvəl sünnət edib. O vaxt bir tikə çörəyə möhtac olan kasıb oğlan idi.

Çağırdığı qonaqların çoxu gəlmədiyi üçün zalın yarısı boş qalmışdı. Yazıq, bir il restorana borc ödədi".

- Ay ana, elə mən də onu deyirəm... Bu adam hansı üzlə oğluna ikinci dəfə sünnət edir? Qohum-əqrabaya nə deyəcək?

- Qohum-əqrabanın orda nə işi var? Qohumlardan heç kimi çağırmır. Ancaq iş yoldaşlarına, bir də dost-tanışına dəvətnamə paylayıb.

Özümü arif adam saysam da, Siyavuş müəllimin məqsədini anlamağa çətinlik çəkirdim. Bu həngamə nəyə lazımdır? Qohumum durduğu yerdə 22 yaşlı oğluna niyə sünnət eləsin?

Deyəsən, anam ürəyimdən keçənləri oxumuşdu. Özünə bir fincan çay süzüb, qarşımda əyləşdi:

"İndi Siyavuş əvvəlki adam deyil. Vəzifəyə keçəndən sonra varlanıb, pulu başından aşır. Arvadı deyir ki, ayda 10-12 toya gedir.

Heç birinə də 500 manatdan aşağı pul yazdırmır. Həmin adamların hamısını çağırıb, yaxşı pul yığmaq istəyirlər".

Əlim üzümdə qaldı. Yazı-pozuya, TV-lərə başım o qədər qarışıb ki, dünyadan xəbərim yoxdur. Növbəti mövzu öz ayağı ilə gəlib çıxdığı üçün məsələnin təfərrüatına varmaq istəyirdim:

"Ayxan ali təhsilli, boylu-buxunlu oğlandır. Olmaz ki, gəlin gətirib, adam kimi toy eləsinlər?"

Anamın cavabı özünü çox gözlətmədi: "Mən bunu arvadına dedim. Qayıtdı ki, bu il kiçik toyunu edəcəyik, gələn il böyük toyunu".

- Bəlkə qonaqlardan kimsə kiçik bəyi görmək istədi. Onda nə olacaq?

- Siyavuş deyib ki, ortalıqda gəzən uşaqlardan birini göstərib deyəcəm ki, oğlumdur...

Yadıma 7-8 il əvvəl baş vermiş bir hadisə düşdü. Cinsi azlıqların nümayəndəsi kimi Hollandiyadan sığınacaq almış bir həmvətənimiz təyyarədən enəndə, bir dəstə kişi onun başının üstünü kəsdirərək, belə deyib:

"Faktı yerində yoxlamalıyıq".

Deyirəm, nə yaxşı olardı, qonaqlar deyəydilər ki, Ayxanı gözümüzün qabağında sünnət elə ...

Seymur Verdizadə
BAKU.WS