VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ata ilə oğul sübh namazına qalxıblarmış. Açıq pəncərədən ətrafı seyr edən oğul atasına tərəf çevrilib, belə deyir: "Hamı yatıb, amma ikimiz ibadət edirik. O biri dünyada bizim mükafatımız daha böyük olacaq".

Ağsaqqalın cavabı belə olur: "Kaş, sən də yatmış olaydın, amma bu sözləri deməyəydin..."

Çox güman ki, əvvəllər də bu barədə yazmışam. Universitetin 4-cü kursunda oxuyanda tələbə yoldaşlarımdan biri dərsə gecikmişdi. Müəllim ondan dərsə niyə gecikdiyini soruşanda, saymazyana şəkildə belə cavab verdi: "Namazda idim".

Bu, həmin vaxt idi ki, Türkiyədə solçular hakimiyyətdəydi. İndikindən fərqli olaraq, doxsanıncı illərin ortalarında dini ayinləri yerinə yetirmək o qədər də dəbdə deyildi. Indi "Hacı" tituluna sahib olan bəzi dostlarımız xüsusi imtiyaz tələb etdikləri kimi, o vaxt da Türkiyədə namaz qılanlar öz çevrələrindən özəl münasibət umurdular. Və çox vaxt da buna nail olurdular. Amma dindarlığı ilə ad çıxarmış tələbə yoldaşımızın bəxti bu dəfə gətirmədi.

Professor "Ulan, bizi dinsizmi sayırsan?" - deyib, Okanın boğazından yapışdı. Mənim kimi üç-dörd fəal tələbənin çevikliyi sayəsində Okanı müəllimin əlindən almaq mümkün oldu. Həmin gün professor düz bir saat ibadət edən adamın bunu hər fürsətdə dilə gətirməsinin yaxşı hərəkət olmadığından danışdı...

Beş-altı il əvvəl jurnalist həmkarlarımla birlikdə Türkiyənin Ərzurum şəhərində qonaq idik. Təxminən gecə 12-də böyük marketlərdən birinə daxil olduq. Üzqırxan maşın almaq üçün müvafiq şöbəyə yaxınlaşıb vitrindəki əşyaları qurdalamağa başlayanda, qəfildən qışqırıq qopdu. Özümü tez-tələsik kassaya çatdıranda gördüm ki, yekəpər, saqqalı satıcı jurnalist həmkarlarımdan birini küncə qısnayıb döymək istəyir. Ley kimi hərəmiz bir tərəfdən kişinin başının üstünü alandan sonra qorxub bir addım geri çəkildi. Satıcıdan jurnalist həmkarımızla niyə dalaşdığını soruşanda, belə cavab verdi: "Sizin arkadaşınız məni kafir hesab edir".

Gecə vaxtı işə düşmək buna deyirlər. Əsəblərimə sığal çəkə-çəkə kişidən həmkarımızın ona nə dediyini soruşdum. Sifətini turşudub, belə dedi: "Məndən soruşur ki, pivə hansı sektordadır? Mən heç dinsiz adama oxşayıram?"

Ötən gün rayonda olanda dostumun uşaqları dondurma istədilər. Üç-dörd marketə baş çəksək də, dondurma tapa bilmədik. Uşaqların yanına əliboş qayıtmaq istəmədiyimiz üçün daha bir mağazaya üz tutduq. Dostum ağzını açanda, satıcı onun üstünə qışqırdı: "Biz iftara kimi dondurma satmırıq!"

Bığ yeri yenicə tərləmiş, üzündə cəmi beş-altı əyri-üyrü tük olan bu cavan oğlanın hərəkəti xoşuma gəlməsə də, mümkün qədər mülayim səslə soruşdum: "Bəs niyə çay, qənd, çörək satırsınız?"

Əvvəl başını aşağı saldı. Sonra dodağının altında belə dedi: "İnsanlar bir ay ac qalsalar, dünya dağılar? Mən üç ildi oruc tuturam, amma acından ölmürəm".

Bir qədər yaxına gəlməyini xahiş etdim. Qarşımda dayananda əlimi çiyninə qoyub, həlim səslə belə dedim: "Mən 26 ildi oruc tuturam. Amma bunu ilk dəfədi dilə gətirirəm. Savabı da, günahı da hər kəs özü üçün qazanır. Başqalarının şəxsi həyatına qarışmağa bizim ixtiyarımız yoxdur".
Demək istədiyim odur ki, oruc tutan adamların oruc tutmayan adamlara tənə etməsi, onları aşağılaması bəzi ateistlərin virtual aləmdə dostuq etdikləri dindarlara Ramazan ayında araq, viski şəkli göndərməsi qədər axmaq hərəkətdir...

SEYMUR VERDİZADƏ
BAKU.WS