SİZİN REKLAM BURADA!
055 213 76 73


Vurduğu ucuz ətirin qoxusu burnumu qıcıqlandırırdı. Əgər bir-birimizi əvvəldən tanısaydıq, ondan “ağcaqanad dərmanı”nı hardan aldığını soruşardım. Di gəl ki, biz ilk dəfəydi qarşılaşırdıq. Belə naqolay söhbətlə onu da, özümü də çətin vəziyyətdə qoya bilməzdim...

Gözünün üstünə tökülmüş saçlarını əli ilə geri atıb, ətli dodaqlarını qulağıma yapışdırdı: “Sizdən bir xahişim var”.

Bir addım geri çəkildim. Amma o, buna məhəl qoymayıb, boynunu təkrar irəli uzatdı: “Əgər aparıcı studiyaya birinci sizi dəvət etsə, ortada oturun”.

Heç nə anlamasam da, səbirlə ona qulaq asırdım. Ətrafa gözucu nəzər salıb, sözünün davamını gətirdi: “O kişi ilə yanaşı oturmaq istəmirəm”.

Söhbət verilişin digər qonağından – tanınmış ziyalı statusu ilə efirə dəvət alan adamdan gedirdi. Telekanallara ayaq döydüyüm 10 il ərzində onunla dəfələrlə qarşılaşmışdım. Dərin biliyi, analitik təfəkkürü, sərrast mövqeyi olmasa da, tamaşaçıların nəbzini tuta bilir. Üstəlik, indiyə kimi heç bir pisliyini görməmişəm. Maraq güc gəldiyi üçün soruşdum: “Səbəb nədir? Axı, müəllim pis adama oxşamır...”

Yenə ətrafa nəzər salıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra danışmağa başladl: “O adam mənim birinci həyat yoldaşım olub. “Alkaş”ın, dələduzun biridir. On bir il ailəli olduq, bir dəfə evə pul gətirmədi. Qazandığını restoranlarda arağa verib, qarnına tökürdü”.

Vəziyyət qəliz idi. Belə çıxırdı ki, vaxtilə ər-arvad olmuş bu iki nəfərin arasında oturmalıydım. Mənim isə lap əvvəldən arada qalmaqdan zəhləm gedir. Amma indi məni daha çox başqa məsələ düşündürürdü: övladlarını bir yerdə böyüdə bilməyən bu iki nəfər ailə dəyərlərinə həsr olunmuş verilişdə nədən danışacaqlar? Onlar 9 uşaq böyütmüş Ədil babaya, Fatma nənəyə hansı haqla məsləhət verəcəklər?

Həyatda çox şanslı insan olmasam da, bu dəfə bəxtim gətirdi. Həmsöhbətimin telefonuna zəng gəldiyi üçün məndən uzaqlaşdı. Sanki üstümdən ağır bir yük götürüldü...

Sovet yazıçılarının təbirincə desək, bu xoşbəxtliyin ömrü uzun sürmədi. Cəmi bir neçə dəqiqə sonra “tanınmış ziyalı” başımın üstünü kəsdirdi. Biz köhnə tanışlar kimi görüşüb hal-əhval tutandan sonra ilk sözü bu oldu: “O fahişə yenə məndən danışırdı?”

Çaşıb qaldım. Yaşlı-başlı bu adama indi mən nə deməliydim, necə cavab verməliydim? Amma nəsə deməyimə ehtiyac qalmadı. Əlini ərklə çiynimə qoyub, belə dedi: “A kişi, mən o ifritəni yaxşı tanıyıram. Birinci həyat yoldaşım olub. Öz evimdə yad kişi ilə tutduğum üçün boşamışam”.

Az qaldı ki, dünya başıma fırlansın. Bu nə biabırçılıq idi? Həyat yoldaşına öz evində xəyanət edən bu qadın indi hansı üzlə ailə dəyərlərindən danışacaq?

Aparıcının cingiltili səsi məni suallar aləmindən ayırdı: “İndi studiyaya dəvət edəcəyim şəxs təkcə gözəl ziyalı deyil, həm də gözəl əxlaq sahibi olan nümunəvi anadır...”

Verilişdən sonra rejissor soruşdu: “Studiyaya daxil olanda ayaqların niyə bir-birinə dolaşırdı?”

Oğlumun iradı isə başqaydı: “Ata, bu gün çox passiv idin. Demək olar ki, heç nə danışmadın...”

Şahin o vaxt uşaq olduğu üçün ona həqiqəti deyə bilmədim. Deyə bilmədim ki, fahişələrin əxlaqdan danışdığı yerdə yeganə çıxış yolu susmaqdır...

SEYMUR VERDİZADƏ
BAKU.WS