SİZİN REKLAM BURADA!
055 213 76 73


Onlar sözün əsl mənasında Azərbaycan kinosu tarixində bir ilkə imza atdılar. Söhbət Azərbaycanın ilk qorxu filmi olan "Xənnas"dan gedir. Filmin rejissoru Elvin Abdulla film haqqında, çəkilişlər zamanı baş verən maraqlı hadisələr haqqında danışıb.

Rejissorun BAKU.WS-ə verdiyi müsahibəni sizə təqdim edirik. 

- Elvin bəy niyə məhz qorxu filmi çəkməyə qərar verdiniz?

- Düzünü desəm özüm qorxu filmi həvəskarı deyiləm. Ümumiyyətlə qorxu filmləri izləməyi sevmirəm. Hərbi xidmətimi Xüsusi Təyinatlılarda çəkmişəm, gecələr xidmətdə olmuşam buna görə də demək olar ki, heç nədən qorxmuram. Film vasitəsi ilə insanlara deyiləcək sözlərimi çatdırmaq istəmişəm. Qorxu janrı Azərbaycanda işlənməmiş janr olduğundan müraciət etdik. Bununla da Azərbaycanda bir ilk edib tarixə düşmək istədik və bunu bacardıq.


- Hollivud istehsalı olan filmlərin demək olar ki, əksəriyyətində erotik və açıq-saçıq səhnələrdən istifadə olunur. Sizin filmdə qısa bir fraqment belə olsun bu cür səhnə yox idi. Bu nə ilə əlaqədardır?

- Filmlərdə erotik səhnələrdən bir vasitə kimi istifadə edilir. Bu kommersiya cəhətdəndə uğurlu addımdır. İlk dəfə idi ki, Azərbaycanda İslam dininin elementlərindən istifadə olunaraq qorxu filmi çəkilirdi. Hörmət və rəğbət bəslədiyimiz dinin bərabərində bu cür səhnələri filmə daxil etmək istəmədik. Bu janırı araşdıranda bu tipli əhnələr çəkmək istədik. Bu filmə bizim gələcək nəsillər baxacaq, dərslik kimi incəsənt universitetində keçiriləyinə də inanırıq. Buna görə də düşündük ki, onlar Azərbaycanın ilk qorxu filmində bu cür kadrlar görməməlidir. 101 dəqiqəlik filmin 25 dəqiqəsi sırf Qurani Kərim ayələridir. Onun yanında dinə zidd olan elementlərdən istifadə etmək istəmədik. Mən ümumiyyətlə "Xənnas”ı dini film hesab etmirəm. Sadəcə bizim filmdə dini elementlər çoxluq təşkil edirdi.

 

- Bəs özünüz necə cinlərə inanırsız?

- Mən bütün bu varlıqların olmasına inanıram. Mənim dəlilim də Qurani Kərimdir. Bununla bağlı Quranı Kərimdə yetərincə ciddi dəlillər var.

- Qalada bildirdiniz ki, filmin çəkilişləri zamanı qorxulu anlar yaşamısınız. Nə baş vermişdi çəkilişlərdə?

- Çəkiliş komandasında qorxu və stress var idi. Biz çəkilişlərin davam etdiyi 48 günün 46-nı gecə çəkmişik. Günəş batanda çəkilişlərə başlayır, çıxanda dayandırırdıq. Hadisələr gecə cərəyan edirdi. Təsəvvür edin, dağın başı, gecə, Şəki. Çox gərgin idik. Mənim birinci köməkçim Əminə xanımın həyatı boyu başına gəlməyən bir hadisə baş verdi, onu dili qatlandı. Özünə gəldikdən sonra isə heç nə xatırlamırdı. Mən özüm heç kimin ağlına gəlməyəcək bir yerdə yıxıldım əlim sındı. Qaldığımız yerdən çəkiliş məkanına gəldiyimiz zaman maşının əyləci işləmədi maşın divara çırpıldı. Mən o, maşından möcüzə nəticəsində sağ çıxdım. İşıq ustamız İslam yemək vaxtı filmdəki hadisələrin cərəyan etdiyi qonaq otağına girir. Biz hamımız bu vaxt qrim otağında yemək yeyirdik. O, qonaq otağında səs operatorumuz Cəfərlə qarşılaşır və ona yeməyə gedib-getməyəcəyini soruşur, lakin cavab almadan otağı tərk edir. Elə bu zaman yolda Cəfərlə rastlaşır. İslam o qədər qorxmuş du ki, çəkilişləri davam etdirəbilməyərək Bakıya. Hətta pultla idarə olunan aparatlar belə öz özünə qəribə hərəkət edirdilər. Biz dini bilikləri olan insanlarla əlaqə saxladıq. Bildirdilər ki, sizi Xənnas izləyir. Ona görə də bu qədər çətinliklər yaşayırsınız.
 


- Filmdəki qorxulu səhnələrin ideası kimdən gəlmişdi? Hollivud filmlərindən bəhrələnmişdiniz?

- Biz Hollivud filmlərindən nələrsə götürməyə çalışmamışıq. Senarinin böyük hissəsiniz Nicat Dadaşov yazıb. Biz heç bir filmdən səhnə götürməmişik.
 
- Filmdəki bir səhnə marağa səbəb oldu. Zeytun yağına dua oxuyaraq cinlərdən mühafizə olunmaq. Bu kimin ideası idi. Ümumiyyətlə yağa dua oxuduqda belə bir iksir yaranır?

- Biz filmi çəkməmişdən qabaq cindarlarla görüşüb məsləhətləşdik. Özümüz üçün maraqlı bədii fikirlər axtarırdıq. Bizə izah elədilər ki, zeytun yağına Nas Və Fələq surəsini oxuyanda o, sehirli bir iksirə çevrilir. Bizdə bundan istifadə etməyə qərar verdik.

- Filmin çəkildiyi bina ilə bağlı nə deyə bilərsiniz? 

- Filmin çəkildiyi bina Şəki şəhərində yerləşir. Köhnə xəstəxana binasıdır. Bina qəzalı vəziyyətdə olduğundan ora giriş qadağan idi. Biz çox çətinliklə binadan istifadə etmək üçün icazə ala bildik. Binanın daxili hissəsinin isə özümüz dekorasiya etdik. Filmə uyğun bina axtarırdıq. əvvəlcə Astara rayonunu gəzdik. İstədiyimiz kimi bir ev tapa bilmirdik. Azərbaycanın bir çox rayonunu araşdırdıq. Daha sonra ümidsiz halda Şəkiyə gəldik. Nəhayət buranı tapdıq.
 

 


- Sizcə qorxu filmi çəkmək sizdə alındı, tamaşaçıları yetərincə qorxuda bildiniz?

- Mənə deyirdilər ki, bu filmdə qorxu elementləri çox azdır. İnsanlar bizdən gözdüyürdülər ki, filmə baxaraq ancaq qorxsunlar. Bizə deyirlər cini niyə çox göstərmədiniz. Bu filmdə bizim insanlara çatdırmaq istədyimiz mesaj qorxulu idi. Film vasitəsi ilə bildirmək istəyirdik ki, günahsız insanlara qarşı haqsızlıq etsəniz başınıza bu cür hadisələr gələ bilər.
 

 


- Filmin aktyor heyətinin seçimində çətinlik çəkmədiniz?

- Filmin müəllifi və rəhbəri özüm olduğundan eləcə də büdcəmizin o qədər də zəngin olmaması səbəbilə daha çox  şəxsən tanıdığım işinə güvəndiyim insanlarla işləməyə qərar verdim. 

- Bundan sonra hansı janrda film çəkməyi düşünürsüz?

Gələcəkdə Detektiv janrında film çəkməyi düşünürəm. Bu janrda müasir filmimiz demək olar ki, yoxdur. Nəsə bir yenilik etmək insana xoş təsir bağışlayır.


- "Xənnas” filmi yetərincə uğur qazandı. Bəs bu filmdən sonra sponsorların diqqətini çəkə bilmisiz?

- Hələ ki, konkret təkliflər olmasa da bir neçə şirkət bizimlə işləmək istədiyini bildirib. Zamanı gəldiyində ediləcək təklifləri dəyərləndirəcəyik. Raellıq da isə filmləri ərsəyə gətirmək üçün sponsor tapmaq çox çətindir. Ümid edirəm ki, sponsorlar bizi axtarıb tapacaq bizimlə əməkdaşlıq etmək istəyəcəklər. Çünki hər bir sponsor bilir ki, keyfiyyətli iş ərsəyə gətirən insanlarla işləmək birinci onların özünə lazımdır. Biz təkliflərə açığıq. İnanıram ki, onlar özləri bizi tapacaqlar
 
Aynur Ələkbərova
BAKU.WS