Son günlər Azərbaycanda həm hərbi təlimlər, həm də hərbi-siyasi görüşlər baxımından aktivlik yaşanır.

BAKU.WS xəbər verir ki, xüsusilə cəbhədə vəziyyətin yenidən gərginləşdiyi bir vaxtda (son 2 həftədə 2 şəhid vermişik - red: F.Ə) bu aktivliyi məlum məsələdir ki, Ermənistan və onun əsas himayəçisi Rusiya da yaxından müşahidə edir.

Rusiyanın kəskin bəyanatların verə bilməməsinin əsas səbəbi Türkiyə ilə yüksələn hərbi, siyasi və iqtisadi əməkdaşlığıdır. ABŞ və Avropa ilə “soyuq müharibə”nin getdiyi bir vaxtda Türkiyə kimi müttəfiqini itirmək istəməyən Rusiya, qulağının dibində baş verənləri eşitmir kimi hərəkət edir.

Naxçıvandakı hərbi təlimlər Rusiyanı “narahat etmir”. Bu mövzuda rusiyalı rəsmilərin hemç bir münasibət bildirməməsi Ermənistanda narazılıq yaradır. Rusiya NATO-nun Gürcüstandakı təlimlərini tənqid edir. Ancaq Rusiya NATO dövləti olan Türkiyənin Azərbaycanla birgə hərbi təlimlərinə etiraz etmir. Çünki, Rusiyanın özü Türkiyə ilə əməkdaşlıq edir, qardaş ölkəyə müasir raketlər satır. Ona görə də Kreml Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə qarşı etiraz etmək istəmir. Bunun özü də Azərbaycanın xeyrinədir.

Bəzi siyasi ekspertlər bunu Azərbaycan üçün tarixi unikal fürsət olaraq qiymətləndirir. Ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiyanın hazırda Ermənistanın Paşinyan hakimiyyəti ilə soyuq münasibətlərdə olması səbəbindən “Lələtəpə” əməliyyatına bənzər şəkildə yeni əməliyyat keçirilməsi üçün bir fürsət olduğunu bildirmişdi.


Politoloq Elxan Şahinoğlu isə Naxçıvandakı birgə hərbi təlimlərin Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması prosesini sürətləndirə biləcəyini vurğulayıb. Hətta, bu baş tutmasa belə, reallıq budur ki, Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıq mesajıdır. Müharibə başlayarsa, Türkiyənin Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır. Əgər Ermənistan Rusiyadan daima hərbi dəstək istəyirsə, Azərbaycan da Türkiyədən eyni dəstəyi istəyəcək.

Espert sözlərinə əlavə edib ki, Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir.


Əslində Ermənistan da eyni siyasətdən çıxış edir. Çünki Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin.

Erməni politoloqlar da bu təlimlərin hətta Dağlıq Qarabağda müharibə ehtimalını artıracağından ehtiyatlanırlar.

Naxçıvanda güc nümayişi

Məlumat üçün bildirək ki, 7-11 iyun tarixlərində Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvanın güc strukturlarının, eləcə də Türkiyə Silahlı Qüvvələri bölmələrindən ümumilikdə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib.


Sonda Azərbaycan və Türkiyə dövlət bayraqları “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunub.

Təlimlər zamanı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür:

“Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır.


Türkiyə Silahlı Qüvvələri Naxçıvanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib”.

Politoloq Elxan Şahinoğlu Vasif Talıbovun çıxışına diqqəti çəkərək qeyd edib ki, bunların açıq sölyənməsi olduqca vacibdir və mesaj xarakteri daşıyır:

“Əslində Vasif Talıbovun səsləndirdiyi rəqəmlər ondan xəbər verir ki, Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır. Onsuz da ermənilər də açıq deyirlər ki, Türkiyənın Naxçıvanda hərbi varlığı onlarda şübhə doğurmur və son hərbi təlimlər Ermənistana qarşı yönəlib. Bu fikirdə həqiqət ondan ibarətdir ki, birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir”.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolunun güclü və mübariz orduya sahib olmaqdan keçdiyini vurğulayıb.


“İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”. Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir”.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə birgə təlimlərin bir daha bütün dünyaya iki ölkənin silahlı qüvvələrinin hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadir olduğunu nümayiş etdirdiyini vurğulayıb. O, Türkiyə ilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın regiondakı sabitliyi təmin edən əsas amillərdən olduğunu deyib.

Nazirlərin və digər rəsmilərin çıxışı onu göstərir ki, birgə təlimlər iki ölkənin də silahlı qüvvələrində döyüş hazırlığının gücləndirilməsində və qələbə ruhunun formalaşmasında vacib rol oynayır. Bu səbəbdən də birgə təlimlərin sayının artırılması ilə bağlı da razılıq əldə olunub. Məlumat üçün bildirək ki, 2018-ci ildə Türkiyə ilə birdə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planda var. Hətta, Gürcüstan hərbçiləri də təlimlərə dəvət edilib.


Qəbələdən Ermənistana mesaj

Gürcüstanın Müdafiə naziri Levan İzoriya Qəbələdə keçirilən üçtərəfli görüşdə bildirib ki, ölkəsi Azərbaycanın beynəlxalq hüquq tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü tanıyır və dəstəkləyir:

“Gürcüstanın qəti mövqeyini bir daha təsdiq edirəm ki, ölkəm Bizim strateji tərəfdaşlığımızın əsas amillərindən biri odur ki, müştərək təlimlər həyata keçiririk. Bu da bizim əməkdaşlığımızın inkişafında öz töhfələrini verir. Biz bu gün qərar verdik ki, Gürcüstan tərəfi gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə qoşulacaq. Bugünkü görüşümüz strateji tərəfdaşlığımızı təsdiq etməklə yanaşı, xalqlarımızın təhlükəsizliyini təmin etmək baxımından da vacibdir”.


Qeyd edək ki, Naxçıvandakı təlimlər bitdikdən dərhal sonra iyunun 12-də Qəbələdə Zakir Həsənov, Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Sonda danışıqların yekununa dair protokal imzalanıb.


Qeyd etmək lazımdır ki, Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər Ermənistana hərbi və siyasi mesajdan başqa, Gürcüstana gələcək əməkdaşlıqla bağlı yol göstərmək üçün vacib idi. Belə ki, bu görüş rəsmi Tbilisiyə Azərbaycanla strateji münasibətlərə yenidən diqqət yetirmək, bu əməkdaşlığa xələl gətirən addımlardan çəkinmək üçün də bir növ məsləhətverici idi. Çünki, rəsmi Tbilisinin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın özünə lazımdır, bu onun maraqlarına xidmət edir.

Fərid ƏDALƏT
BAKU.WS


VİDEO

QALEREYA

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ