SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur rusiyalı bloqer Denis Zabelin erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam şəhərinə səyahət edib.

Səyahətçi-bloqer Ağdam haqda təəssüratlarını və orada lentə aldğı fotoları Rusiyanın müxtəlif saytları ilə paylaşıb.

BAKU.WS Rusiya mətbuatına istinadən, sizə D. Zabelinin dediklərini ixtisarla təqdim edir:

Şəhərin konyak zavodunda əfsanəvi "Ağdam" portveyn şərabı istehsal olunurdu. Onun istehsalı 1993-cü ildə erməni silahlı qüvvələrinin Qarabağ müharibəsi zamanı şəhərə şiddətli hücumlarının nəticəsində dayandırıldı.


Amma Ağdam təkcə konyak zavodu ilə məşhur deyildi. Bura həm də mədəni və tarixi abidələrlə zəngin bir şəhər idi.

Bəzi mənbələrdə həm də o qeyd olunur ki, Ağdam bazarlarında hər şey almaq mümkün idi: nar və əncirdən tutmuş o vaxtın xarici məişət texnikasına kimi.


Və budur... Bir vaxtlar 30 minlik əhalisi olan şəhərin yerində artıq dağıdılmış yaşayış məntəqələri və hansısa səbəblərdən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən saxlanılan iki minarəli kabus şəhər yerləşir. Minarələr şəhərə daxil olmamış görsənir.

Dağıntıların xarakterinə görə, məlum olur ki, şəhəri böyük səylə məhv ediblər. Burada dağıtmaq mümkün olacaq hər şeyi dağıdıblar.


Vaxtı ikən ağ damları ilə seçilən və çiçəklənən Ağdamı tanımaq çətindir.

"Ruhlar şəhəri" sizi sovet dövründə salınmış asfaltın qalıqları, sahibsiz nar bağları, tikanlı məftilləri, paslı çəlləkləri, sakitliyi və isti havası ilə qarşılayır.


Ağdamın xarabalıqlarını tərk edərək, içimdə çox ağır və qəribə hisslər qaldı. Siyasi büronun və siyasətçilərin çirkin oyunları, bir-birinin ardınca baş verən qanlı hadisələr insanların bir-birinə olan münasibətini çox dəyişdi. Bir vaxtlar mehriban yaşayan xalqlar nifrətlə vahid ölkənin mülkünü və ərazisini bölməyə başladılar.

Amma hər kəs unudub ki, bu ərazilər SSRİ dövründə deyil, hələ Rusiya imperiyası zamanı vahid hala gətirilmişdi. Bu, yaxınlıqdakı qonşulardan qorunmaq üçün idi.

Hüseyn Məmmədsalahov
BAKU.WS