VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Silahlı Qüvvələrinin mayoru olmuş Elnur Əliyev 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub və “Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.

Şəhidin doğum günündə həyat yoldaşı Nuranə Məmmədova həyat yoldaşına təbrik məktubu yazıb.

BAKU.WS modern.az-a istinadən təbrik məktubunu təqdim edir:

Doğum gününü qeyd etməkdən nifrət edən insanları kinolarda, filmlərdə görmüşdüm. Amma heç vaxt anlam verə bilməmişdim. İnsan da öz doğum gününə nifrət edərmi? Səndən sonra dərk etdim ki, doğum günlərinə nifrət etmək olurmuş!

Sağ ikən ölməyi, doğum gününün səninlə birgə getməyini, yaş üstünə yaş gəlməsin deyə səninlə birgə dəfn elədim öz doğma günümü. Sən yox ikən güllərin, çiçəklərin ən gözəli ilə məzarını bəzəməyi hər şeydən çox istəyirəm.

Sənsiz keçən ikinci ad günündür. Yenə əllərimizdə gül gəlmişik. Üç ürək döyünür məzarının önündə. Gözlərini gözlərinə dikiblər, məzarını silirlər, təmizləyirlər. Hətta, bilmirlər necə etsinlər ki, ataları onlardan razı qalsın. Gülləri məzarına düzən zaman “Ana, ağlama atam hirslənər” deyə məni təsəlli etməyə çalışan ailən səni təbrik etməyə gəlib. Bilmirəm neyləyim ki, razı qalasan... Nə deyim ki, məni eşidəsən. Məzarın üstündə oturub səninlə ürəyimdə saatlarla danışıram. Sadəcə, səsli şəkildə bunu deməyi özümə borc bilirəm.

Ad günün mübarək!

Elə bilirəm səsimi eşidəndə biləcəksən ki, bu mənəm...Səni unutmayan, səni hər zaman hər yerdə axtaran, mümkün olmadığını bilə-bilə bir möcüzə gözləyən həyat yoldaşındı səni təbrik edən.

Ömrünün 10 il 10 ayını səninlə keçirdim. Birdən siman yaddan çıxar deyə şəkillərinlə nəfəs alıram. Birdən gələrsən deyə sənə aid əşyaları üfürə-üfürə saxlayıram. Uşaqları gözümdən qoymuram. Əşyalara bir şey olsa “atalarına nə cavab verərəm” qorxusuyla yaşayan Həyat Yoldaşın.

Bu gün 41 yaşın tamam olur. Yenə gəlmişəm, səni təbrik etməyə. Deyə bilmirəm 100 yaşayasan. Çünki qorxuram orda səni mən təbrik edə bilməyəcəm. Sadəcə, onu deyirəm: Nə qədər ki ömrüm var səni hər zaman yaşadacağam. Ömrümün yetdiyi qədər ad gününü təbrik edəcəyəm.

BAKU.WS