VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə 7 iyul tarixində paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə, habelə İdarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi məkanlarda cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, din xadimlərinə sabahkı cümə xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı - dinc əhaliyə qarşı mütəmadi törədilən qadın, uşaq və qocaların qətlləri barədə moizə edilməsi tapşırılıb. İdarənin xaricdəki səlahiyyətli nümayəndələrinə isə fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətləri çatdırmaq tapşırığı verilib.

A.Paşazadə Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.
 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

BAKU.WS