SİZİN REKLAM BURADA!
055 213 76 73


İşğaldan azad edilən Xankəndi şəhərində dünən ilk körpə dünyaya gəlib. Şəhərdəki tibb müəssisəsində doğulan körpənin cinsi kişi, çəkisi 3 kiloqram, boyu isə 49 sm-dir. Elə ilk gündən ana və uşağa zəruri tibbi xidmətlər göstərilir.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, həm ananın, həm də körpənin mövcud vəziyyəti və səhhətləri ilə maraqlanıb. Məlum olub ki, Xankəndidə dünyaya göz açan körpənin və anasının vəziyyəti stabildir. Onlar daimi həkim nəzarəti altındadırlar.
 
Xankəndi Mərkəzi Xəstəxanasının Baş həkimi Jalə Oqtayzadə bildirib ki, körpənin anası Səadət xanım ötən ilin noyabr ayından indiyə qədər xəstəxanada qeydiyyatdadır: "Körpənin hər ay ana bətnindəki inkişafı və ananın sağlamlıq durumu nəzarətimizdə olub. Ötən gün dünyaya gələn körpəmizin boyu 49 santimetr, çəkisi 3 kiloqam olub".
 
Baş həkim əlavə edib ki, ana və uşaq daimi olaraq həkimlərin nəzarəti altındadır.
 
"Hər ikisinin vəziyyəti stabildir. Körpənin səhhəti və qidalanması olduqca yaxşıdır. O, ana südü ilə qidalanır", - deyə J.Oqtayzadə vurğulayıb.
 
Qeyd edək ki, körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızıdır.
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən "Report"a bildirilib ki, Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Xankəndi şəhərində mənzil verilib.
BAKU.WS
QALEREYA