SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən üç il ötür.

BAKU.WS xəbər verir ki, Azərbaycan Ordusunun sentyabrın 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib.

Hadrut toponimi Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.

2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir. Hadrutda Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 10-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib. Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

BAKU.WS