SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Təlimlərin hər biri düşmənə xəbərdarlıqdır ki, özlərini yığışdırsınlar. Nazları ilə çox oynamayacağıq.”

Bunu BAKU.WS-ə hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri ilə bağlı danışarkən bildirib.

Təlimlərin qəfil başlamasının cəbhə bölgəsindəki vəziyyətlə bağlılığının olmadığını deyən Ü.Cəfərov deyib ki, təlimlərin keçirilməsi son zamanlar cəhbədə baş verən hadisələrlə eyni vaxta düşdüyünə görə ajiotaja səbəb olub: "Ordumuzun təlimləri əvvəlcədən 2015-ci ilin sonlarında planlaşdırılıb. Bu təlim 2016-cı ilin isə son təlimidir”

Ordumuzun onsuz da döyüşə tam hazır vəziyyətdə olduğunu deyən hərbi ekspert deyib ki, təlimlərin hər biri düşmənə xəbərdarlıqdır ki, özlərini yığışdırsınlar.
"Çünki Azərbaycan onların nazı ilə çox oynamaq fikrində deyil. Onlar işğal etdikləri torpaqlarda təlimlər keçirirlər və düşünürlər ki, hələ uzun müddət Qarabağda qalacaqlar. Dərindən yanılırlar. Azərbaycanın hərbi-siyasi rəhbərliyi bəyan edib ki, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək”, - Üzeyir Cəfərov bildirib.

O həmçinin qeyd edib ki, istənilən an döyüş əməliyyatları başlaya bilər, çünki danışıqlar prosesinin heç bir nəticəsi yoxdur.
 


Qeyd edək ki, bu gün cəbhə bölgəsində zirehli texnika bölmələrinin döyüş atışlı təlimləri başlayıb. Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır.

Cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir.

Gündüz və gecə vaxtlarında döyüş vəziyyətinə maksimal uyğunlaşdırılmış şəraitdə keçirilən təlim məşqlərində bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulan tapşırıqları icra etməklə zirehli texnikalardan praktiki atışları yerinə yetirirlər.

Heyət üzvlərində düşmənin döyüş texnikası barədə real təəssüratlar yaratmaq məqsədilə müxtəlif məsafələrdə quraşdırılmış hədəflər sırasında aprel döyüşləri zamanı məhv edilmiş erməni tanklarının korpuslarından da hədəf kimi istifadə olunur.
 
Saməddin Mehralıyev 
BAKU.WS