SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan parlamentinin xarici əlaqələr komissiyası Ermənistanla Rusiya arasında "Cənubi Qafqaz kollektiv təhlükəsizlik regionunda" birgə hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutan anlaşmanı təsdiqləyib.

BAKU.WS-in milli.az-a istinadən verdiyi xəbərə görə, anlaşmanın Ermənistan və Rusiya parlamentlərində ratifikasiya olunması gözlənilir.

Maraqlıdır ki, Ermənistan parlamentindəki təsdiqlənmə proseduru ATƏT-in Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması mexanizmlərinin yerləşdirilməsi barədə sənədi hazırladığı günə "təsadüf" edir. 
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında bildirilir ki, müvafiq sənədlər Azərbaycanın və Ermənistanın XİN başçılarına verilib.

Aydın olan budur ki, Rusiya məqsədinə çatmayıb: belə ki, Moskva Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttində ATƏT-in müşahidə-monitorinq avadanlıqlarının yerləşdirilməsi üçün rəsmi Bakını razı salmağa çalışmış, təvəqqelər etmiş, İrəvana isə sərt təzyiqlər göstərmişdi.
Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı anlaşma ötən ilin dekabrında, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskvaya səfəri əsnasında imzalanmışdı.
Ermənilər HHM sistemlərini bütünlüklə Rusiyanın nəzarətinə verməklə əslində belə sistemin nəzərdə tutduğu çox bahalı və müasir hərbi texnika, qurğular və avadanlıqlar almaq məcburiyyətindən qurtulmaq, Rusiyanın hesabına müdafiəsini təmin etməyə çalışırlar.

Lakin bu, faktiki olaraq Ermənistanın onsuz da kağız üzərində qalmış suverenlik və müstəqilliyinə daha bir zərbədir. 
Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyəti anlaşmanı "İrəvanın böyük uğuru" kimi təqdim edərək "Rusiya bizi bundan sonra daha möhkəm, daha ciddi qoruyacaq" bəyanatları ilə çıxış etsə də, gerçək tam fərqlidir.
Belə ki, aprelin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi zonasında yaşanmış "dördgünlük müharibə" ermənilərin ümidlərini puç etdi.

Ermənilər anladılar ki, Rusiyanın "Ermənistanı tam və ən ciddi şəkildə müdafiə etmək əzmi" barədə deyilənlər sadəcə, illüziyadır: genişmiqyaslı hərbi əməliyyatların olacağı təqdirdə Rusiya hərbçiləri heç bir halda Ermənistan tərəfində vuruşan deyillər.
Məntiqlə, "dördgünlük müharibə"dən sonra Ermənistan bu anlaşmanı ləğv etməli, zavallı vəziyyətdəki ordusunu gücləndirməyə başlamalıydı. Lakin belə proseslər normal ölkələrdə olur - Ermənistan kimi viran qalan, hakimiyyətin tarac etdiyi bir məkanda yox.

İrəvan anlaşmanı indi mümkün qədər tez ratifikasiya etməyə, ATƏT-in Dağlıq Qarabağa avadanlıqlarını yerləşdirməyə başlayacağı günədək işi bitirməyə çalışır.
Səbəb sadədir: Rusiya Dağlıq Qarabağda ATƏT-in müşahidə-monitorinq qurğularının quraşdırılmasını istəmir. Buna mane ola bilməyən Rusiya İrəvandakı hakimiyyət təki buyruq qulunu işə salaraq Ermənistanla birgə HHM yaratmaqla ATƏT-dən acıq çıxmaq niyyətindədir. Yəni Rusiya Qərbə mesaj verir: "Buyurun, avadanlıqlarınızı yerdə yerləşdirin, biz isə sizi səmadan nəzarətdə saxlayacağıq".

Ermənistan rəhbərliyi ratifikasiya edəcəkləri anlaşmanı "növbəti uğur" kimi təki təqdim etsələr də, sənəd tam başqa şərtləri ehtiva edir.
Məlumdur ki, Rusiyanın Gümrüdəki 102-ci bazasının hava hücumundan müdafiə bölməsi və İrəvandakı "Erebuni" aeroportunda yerləşdirilmiş Rusiyanın aviaqrupu MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistan səmasının müdafiəsinə görə məsuliyyət daşıyır.

Yeni anlaşmaya görə isə Ermənistan üçün hərbi və ya hərbi siyasi təhlükə olarsa, Ermənistanın Hava Hücumundan Müdafiə Qüvvələri müdafiənin təminatı baxımından Rusiya ilə razılaşdırılmamış, "özbaşına" addımlar ata bilməzlər.
"Tərəflərdən birinin" HHM sistemlərindən "sanksiyalaşdırılmamış istifadə"sinin qarşısını almaq üçün anlaşmada "xüsusi əməliyyatlar"ın həyata keçirilməsini şərtləndirən bənd də var.

Yəni adi zamanda Ermənistanın Hava Hücumundan Müdafiə Qüvvələri qismən müstəqil fəaliyyət göstərə bilərsə, "hərbi-siyasi təhlükə" zamanı onlar belə "müstəqilliyi" tam itirirlər.
Anlaşmanın 6-cı bəndi isə Ermənistan HHM qüvvələri ilə Rusiyanın Ermənistandakı hərbi kontingentinin birgə fəaliyyət iyerarxiyasını müəyyənləşdirir.

Həmin iyerarxiyaya görə, birgə fəaliyyətin ümumi koordinasiyasını Rusiyanın Hava-Kosmik Qüvvələrinin komandanı, ümumi rəhbərliyi - Rusiyanın Cənub Hərbi Dairəsinin komandanı həyata keçirəcək. Ermənsitana qalan isə ölkənin HHM-nin komandanı qismində "lokal fəaliyyət"ə rəhbərlikdir.

Ermənistanın Hava Hücumundan Müdafiə qüvvələrinin ümumi koordinasiyası və rəhbərliyi bütünlüklə Rusiyaya verilir.
Beləliklə, "güc struktur"larının bir qisminin rəsmən Rusiyanın müvafiq təşkilatlarının bölmələrinə çevrildiyi separatçı Cənubi Osetiya və Axaziya rejimlərində olduğu kimi, Ermənistanda da hərbçilərə nəzarət Rusiyanın əlinə keçir.

Erməni mediası "hələ belə alçalmamışdıq" yazır.
İrəvan son illərdə ilk dəfədir ki, həqiqəti etiraf edir.