VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən yazımızda sülhməramlıların növbəti rüsvayçı addımından danışarkən son cümləmiz belə olmuşdu: “Onların ifasında betərin betərini növbəti dəfə gördük, Allah daha betərindən saxlasın...”

Ancaq bir şey də var ki, yolunu azanlara Allah nə etsin... Sülhməramlılar elə bil əhd ediblər ki, öz işimizlə məşğul olmayacağıq, ermənilər nə buyursalar, sadiq qul kimi dərhal onların qulluğuna qaçacağıq...

Onlar Azərbaycanın Qarabağ torpağına səhvən, yollarını azaraq gəlməyiblər. Ancaq sonradan xidmət etdikləri yoldan çıxıb, düşüblər bu bataqlığa və ermənilərin ağuşuna...

Vəziyyəti o həddə çatdırıblar ki, artıq hətta sülhməramlı sözünü yazarkən belə burada “sülh” sözünün artıq olduğunu düşünürük. Geridə sadəcə “məramlı” qalır, hansı ki, onun da mahiyyəti, bu “məramın” nədən ibarət olması hər ötən gün daha aydın olmağa başlayır.

Sülhməramlılar bu dəfə Xankəndidə susuz qalan ermənilərə su daşıdıqlarını bəh-bəhlə nümayiş etdiriblər. Rusiya Müdafiə Nazirliyi, erməni mətbuatı da bunu böyük məmnunluqla tirajlayıb. Təkcə iki sutka ərzində sülhməramlılar Xankəndiyə 15 ton su daşıyıblar.

Günün altında ermənilərə görə hər cəfaya qatlaşan sülhməramlılara xatırladaq ki, heç ermənilərə daşıdıqları su qədər layiqincə sülhməramlı adını daşıya bilməyiblər. Halbuki, onların bizim torpağımızda olmasının yeganə səbəbi sülhməramlı olmaları, erməniləri razı salmaq üçün dəridən-qabıqdan çıxmaq yox, sülhə xidmət etmələridir.

Rusiya sülhməramlıları üçün sülhə xidmət ermənilərin qulluğunda dayanmaq anlamına gəlir? Sözügedən vəziyyət nə dərəcədə önəmlidir ki, bu kontingent öz postunu, öz öhdəliyini qoyub, gəlib su daşımaqla məşğul olur? Yəni, sülhməramlılar fəaliyyətlərinin bu qədər qüsursuz olduğunu düşünür ki, öz işlərini atıb ermənilərə xidmətə yollanırlar? Bu cavabsız sualları verməkdən də artıq yorulmuşuq...

Əslində, Rusiyanın Müdafiə Nazirliyi sülhməramlıların “özfəaliyyətini” və kimə xidmət etdiklərini dərindən araşdırmalıdır, çünki kontingent Rusiyaya aiddir və Rusiya dövlətinin maraqlarına xidmət etməlidir. Özünə və xalqına “ermənilərin əlaltısı”, “ermənilərin xidmətçisi” adını götürməyin isə Rusiya dövlətinin maraqlarında olduğunu düşünmürük.

Ermənilər isə hiyləgər xalqdır, onlardan hər şey gözləmək olar. Hərdən düşünürük ki, bəlkə də gizlicə sülhməramlıların vəzifə borcuna “ermənilərə qeyd-şərtsiz qulluq” deyə bir ifadə əlavə ediblər. Günahsız sülhməramlılar da həmin vəzifə borcunu əzbərləyib, bu gün ona sadiq olduqlarını göstərirlər.

Kənardan bu fikrin özü hər nə qədər cəfəng səslənsə də, inanın ki, sülhməramlıların Qarabağdakı fəaliyyətində üzə çıxan bu cür absurd məqamların qarşısında sönük qalır.

Hətta bir anlıq düşünürsən ki, “vəzifə borcu” fərziyyəmiz düz çıxa bilər, heç olmasa bunu insan ağlı müəyyən mənada dərk edə bilər, ancaq sülhməramlıların ermənilər üçün “əlaltı” damğasını fəxrlə qəbul etməsini dərk etmək, anlamağa çalışmaq qətiyyən mümkün deyil.

Deyəsən, sülhməramlıların göstərdiyi “xüsusi xidmətlər” bizim kimi erməniləri də razı salmayıb. Çünki Rusiya MN-in məlumatında Alina Akopyan adlı qadın qeyd edir ki, suyu bir dəfə gətirirlər və bəs etmir, yaxşı olardı ki, sülhməramlılar bu “xidməti” gün ərzində bir neçə dəfə icra etsinlər.

Yəni, erməni qadın hesab edir ki, sülhməramlılar onların qulluğunda layiqincə dayana bilmir. “Məramlılar” hər nə qədər çox çalışsalar da, erməniləri razı sala bilmirlər.

Sülhməramlıların bu günə qədər göstərdiyi “performans” onların bu əmri də dərhal diqqətə alacaqlarına şübhə doğurmur. Çünki “sülh keşikçiləri” artıq buraya nəyə görə gəldiklərini çoxdan unudublar. Ən azından öz əməlləri ilə artıq dəfələrlə bunu bizə nümayiş etdiriblər...

Bu cür “gərgin iş rejimində” çalışan, 24 saat ermənilərin qulluğunda dayanan sülhməramlıların öz missiyasının icrasına vaxtı qalmır. Erməniləri isə razı sala bilmirlər. Çünki tarix boyu kölə olan ermənilər ilk dəfədir kiminsə onların qarşısında qul kimi durduğunu görürlər, ona görə də hər vəchlə, üstəlik hər işdə onları istismar etməkdən doymurlar.

Bir halda ki, sülhməramlılar bu vəziyyətdən utanmır, o zaman onlara bəzi məsləhətlər verək:

İlk növbədə ermənilərin qulluğunda dayanarkən üzərinizdəki sülhməramlı formasını çıxarıb kənara qoyun. Bir əkinçinin, bir bələdiyyə işçisinin, bir fəhlənin paltarını geyinin ki, missiyanızla üst-üstə düşsün. Əmin olun ki, daşımağı özünüzə sığışdırmadığınız həmin o formalardan daha rahat olacaq. Həm işləyərkən rahat olarsınız, həm də rahat olduğunuz üçün daha çox işləyib erməniləri razı salarsınız.

Ən önəmlisi isə sülhməramlı formalarınız təmiz qalar. Məramınız və xidmətiniz “təmiz” olmasa da, hər kəs elə düşünər ki, Qarabağda nümunəvi xidmət aparmısınız. Evə qayıdarkən fəxrlə kənd təsərrüfatı, maldarlıq, əkin-biçindən danışarsınız. Çünki Qarabağda öz missiyanızdan daha çox bunlarla məşğul olursunuz.

Hər halda insanın əməklə məşğul olması qəbahət sayılmaz, ancaq bura sülhməramlı kimi yola salındığınız öz vətəninizə qayıdanda yəqin ki, nə işlə məşğul olduğunuzu soruşanlar da tapılacaq. O zaman ermənilər üçün sözün əsl mənasında köləlik etdiyini deməniz, çox güman ki, sizə başucalığı gətirməyəcək.

Şahmatda “suqsvanq” deyilən bir vəziyyət var. Bütün addımlar sizi mütləq məğlubiyyətə aparır, hər addımda vəziyyətiniz daha da ağırlaşır. Bax, rusiyalı sülhməramlılar üçün hazırda həmin vəziyyətdir. Fərq ondadır ki, onlar bundan məmnun görünürlər, könüllü şəkildə öz missiyalarına zidd gedir, könüllü şəkildə ermənilərə qul olmağa razılıq verirlər...

Biz isə artıq təəccüblənmirik, hətta artıq “Allah betərindən saxlasın” da demək yerinə düşmür. Çünki sülhməramlı kimi fəaliyyət göstərdiyiniz bu qısa dövrdə bundan daha absurd məqamlarla gündəmə gəlmək potensialınızı dəfələrlə ortaya qoymusunuz. Odur ki, növbəti “performansınızı” gözləyirik və bunu edərkən bir daha xatırladırıq, siz Azərbaycanın Qarabağ torpağına burada yaşayan ermənilərə yox, sülhə, təhlükəsizliyə xidmət üçün gəlmisiniz!

BAKU.WS
VİDEO