SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb.

Müdafiə Nazirliyindən BAKU.WS-ə veriləm məlumata görə, cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatları, Azəbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlardan, o cümlədən beynəlxalq konvensiyalarla qadağan olunan sursatlardan istifadə edilməsi faktlarını qonağın diqqətinə çatdırıb. Müdafiə naziri beynəlxalq birlik, o cümlədən Avropa təsisatları tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq müddətdə erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qaldığını da bir daha xatırladıb.

"Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nəhayət ki, mütləq surətdə səylərini artırmalıdırlar", - deyə nazir bildirib..

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb.

Sülhməramlı əməliyyatlara verdiyi töhfəyə, Əfqanıstandakı missiyanın peşəkar səviyyədə icra olunmasına görə Azərbaycana dərin minnətdarlığını ifadə edən A.Fotıqa ölkəmizin terrorizmə qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib.

Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə Azərbaycanın önəm verdiyini vurğulayan qonaq ölkəmizin ciddi və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib.
 
BAKU.WS