SİZİN REKLAM BURADA!
055 213 76 73


1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan artıq siyasi mübarizə dövrünə qədəm qoymuşdu. Azərbaycanda dövlətçilik prinsiplərini möhkəmləndirmək, ağır iqtisadi və sosial problemləri həll etmək, yeni islahatlar kursunun miqyasını genişləndirmək və ölkədə sakitliyə və sabitliyə nail olmaq üçün ilk növbədə Azərbaycan-Ermənistan münaqişəsini sülh və danışıqlar yolu ilə həll etmək və cəbhədə atəşkəsi yaratmaq lazım idi. Azərbaycan dövlətçilik tarixində mühüm rol oynamış, yeni Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev bu sahədə yorulmadan çalışmışdır.

Heydər Əliyev Bakıya Milli Məclisin təklifi ilə vətəndaş müharibəsi təhlükəsini dayandırmaq məqsədi ilə gəlmişdi. Onun hakimiyyətə gəldiyi gün 15 iyun 1993-cü il Azərbaycan tarixinə “Qurtuluş günü” kimi daxil oldu. Azərbaycan rəhbərliyinə gəlməsi ilə respublikanın tarixi müqəddəratını həll etmiş oldu. Vətəndaş müharibəsinin qarşısı alınaraq torpaqların işğalı dayandırıldı. Beləliklə, respublikanın parçalanması təhlükəsi aradan qalxdı. Qısa müddət ərzində ölkə ərazisində bütün qarışıqlıqları aradan qaldırmağa müvəffəq olundu. Heydər Əliyev özünün xüsusi ictimai-siyasi çıxışlarında, fərman və təlimatlarında xarici siyasət sahəsində dövlət konsepsiyasının formalaşmasına dəfələrlə öz münasibətini bildirmişdir. Bütün siyasi fəaliyyəti dövründə o xalqın milli maraqları və dəyərlərinə müdrik yanaşmışdır.

Onun hakimiyyəti dövründə Azərbaycan qısa müddət ərzində Avropa Təhlükəsizlik Əməkdaşlıq təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, Qaradəniz iqtisadi əməkdaşlıq təşkilatına, NATO-ya və başqa təşkilatlara üzv olmuşdu.

Hər vasitə ilə o, Azərbaycanın dünyada tanınmasına, dünya ölkələri ilə münasibətlərin qurulmasına, əməkdaşlıq yaradılmasına çalışırdı. Ölkələrə tarixi səfərləri başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edildiyini, bunun nəticəsində bir milyondan çox vətəndaşımızın qaçqına çevrildiyini bildirmişdi.

Xarici siyasətdə uğur qazanaraq 1994-cü il mayın 12-də Bişkek protokoluna əsasən, cəbhədə atəşkəsə nail olunmuşdu. Beynəlxaq arenada tanınmaq və güclü bir dövlətə çevrilmək üçün bütün fürsətləri dəyərləndirən Heydər Əliyev dövlətin güclənməsini və tanınmasını iqtisadiyyatın inkişafında gördü. Ulu öndərin apardığı uğurlu xarici siyasətin nəticəsiydi ki, 1994-cü ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi haqqında müqavilə imzalanmışdı. Müqavilə beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılmışdı. Bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Yeni neft strategiyasında Azərbaycan neftinin dünya bazarına nəql edilməsi mühüm yer tuturdu.

Azərbaycanın 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb.

Onun iqtisadi sahədə gördüyü tədbirlər də təqdirə layiqdir. Ölkənin iqtisadi cəhətdən inkişafına böyük təsir göstərən bu tədbirlər Azərbaycanın xaricə inteqrasiyasında da böyük rol oynamışdır. 1996-cı il yanvarın 18-də Azərbaycanla Rusiya arasında bağlanan sazişə əsasən, Azərbaycan nefti Bakı-Novorosiysk boru kəməri vasitəsilə dünya bazarına nəql edilməliydi.

Bu məqsədlə 1997-ci ildə “Səngəçal” terminalı tikildi. 1999-cu il aprelin 17-də Bakı-Supsa ixrac kəmərinin açılışı oldu. Yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri “Bakı-Tbilisi-Ceyhan” ixrac boru kəmərinin çəkilişi ideyasının meydana gəlməsi və gerçəkliyə çevrilməsi idi. 1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəmərinin inşası haqqında ilk Bəyənnamə imzaladılar. Bu kimi müqavilələr təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda böyük siyasi, geostrateji və beynəlxalq əhəmiyyəti var idi.

İlham Əliyev Qarabağ münaqişəsinin həllini İslam ölkələrinin qarşısında təxirəsalınmaz məsələ kimi qoymuşdur. Belə ki, xristian köməyinə arxayın olan Ermənistanın qarşısına müsəlman təəssübkeşliyi qoyulmalı, müsəlman ölkələrinin dəstəyi nümayiş etdirilməli idi. Lakin bu dəstək zor və hərbi müdaxilə ilə deyil, demokratik və sivil yolla, siyasi arenalarda olmalı idi. Həqiqətən də, 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Məkkədə keçirilmiş III Fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyev öz çıxışında İslam Əməkdaşlıq Təşkilatının dünyanın müxtəlif problemlərinə təsiretmə imkanlarını yüksək qiymətləndirmişdir. “Münaqişə etnik təmizləmə və suveren dövlətin ərazisinin de-fakto ilhaq olunması əsasında deyil, beynəlxalq hüquqi normalar əsasında həll edilməlidir. Mən İslam həmrəyliyinə, İslam Konfransı Təşkilatının prinsiplərinə və məqsədlərinə sadiq olduğumu bildirirəm, sülh, sabitlik və tərəqqi naminə hamını öz səylərini birləşdirməyə çağırıram” deyən İlham Əliyev konfrans iştirakçılarını erməni terrorunun acı nəticələrinə diqqət yetirməyə səsləmişdir.

2006-cı ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası keçirildikdə də Azərbaycan Respublikasının Prezidenti problemlərin həlli istiqamətində beynəlxalq hüquq prinsiplərinin əsas götürülməsini bir daha vurğulamışdır.

Belə ki, dünyada çoxlu sayda münaqişə ocaqları mövcuddur və onların sayı da durmadan artır. Əslində bu münaqişə ocaqlarının yaranmasının özü beynəlxalq hüquq prinsiplərinin kəskin şəkildə pozulması deməkdir. Buna görə də həmin münaqişələrin həlli bu prinsiplərin əsas götürülməsi və tam şəkildə reallaşması ilə mümkün ola bilər.

Uzun illər Azərbaycanın tarixi torpaqları olan Qarabağın geri qaytarılması uğrunda mübarizə aparan ümummilli liderin bu şərəfli yolunun davamçısı İlham Əliyev 2003-cü ildə seçkilərdə qalib gələrək hakimiyyətə gəldiyi və ilk gündən xalqın iradəsinə uyğun olaraq ölkəni idarə etməyə başladı. Onun qarşısında duran ən mühüm məsələlərdən biri də Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsi idi. Bu münaqişə İlham Əliyev siyasətinin ən ümdə məsələsi olaraq uzaqgörənlik, siyasi səriştə sayəsində öz həllini tapdı və tarixdə “dəmir yumruq” qalibiyyəti olaraq yadda qaldı.

Tarixi torpaqlarımızı qan tökmədən sülh şəraitində geri almaq istəyi baş tutmadıqda silaha sarılmağı üstün tutan İlham Əliyev tarixə II Qarabağ müharibəsi, və ya 44 günlük müharibə kimi izini qoyan bir müharibəyə qoşuldu. Ermənistan tərəfindən davamlı olaraq atəşkəsin pozulması və bu işdən əl çəkməməsi Azərbaycan xalqının səbr kasasını daşdırdı. 2020-ci il sentyabrın 27-də başlayan Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə Dəmir yumruq adı almış Ermənistana qarşı əks-hücum 2020-ci il 10 noyabr tarixində bağlanmış üçtərəfli müqavilə ilə bitdi.

Ulu Öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Qarabağ münaqişəsi məsələsi sahəsində dövlət siyasətini həm məzmun, həm də keyfiyyət etibarilə yeni səviyyəyə çıxarmışdır. Əminliklə söyləmək mümkündür ki, İlham Əliyev sadəcə Heydər Əliyevin strateji prinsiplərinin varisliyini təmin etmiş və eyni zamanda bu prinsiplərə yaradıcı şəkildə yanaşaraq onlara zamanın ölkəmiz qarşısında qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq yeni məzmun vermişdir. Dünyada yetərincə mürəkkəb siyasi proseslərin cərəyan etdiyi, iqtisadi böhran və depressiyaların geniş miqyas kəsb etdiyi, hərbi qarşıdurmaların, sosial və geosiyasi münaqişələrin təhlükəli həddə çatdığı bir zamanda Azərbaycan nəinki qlobal təhdidlərə müvəffəqiyyətlə sinə gərmiş, həmçinin bir çox inkişaf etmiş ölkə üçün belə örnək sayıla biləcək öz unikal modelini əməli müstəviyə çıxarmışdır.

Biz bu qələbəni haqqımızla, gücümüzlə, ağlımızla və ən nəhayət halallıqla qazandıq. Bu müharibədən sonra bütün dünyada bir daha dəyərləndik. Biz bu gün qüdrətli bir ölkənin vətəndaşlarıyıq. Və biz kimliyimizi tanıdıqca böyük zirvələrə ucalacağıq, böyüyəcəyik, bütöv bir Azərbaycan olacağıq.

Qarabağ – AZƏRBAYCANDIR!!!

Leyla Fətiyeva

BAKU.WS