SİZİN REKLAM BURADA!
055 213 76 73


44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında Saatlıdan olan baş leytenant şəhid Şahid Əhmədli də olub.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, oktyabrın əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun onlarla erməni silahlısını məhv edərək şəhid olduğu post işğaldan azad edilib. Posta üçrəngli bayrağı isə baş leytenant Şahid Əhmədli sancıb.

Bu barədə "Report"un Aran bürosuna məlumat verən şəhidin atası Gülməmməd Əhmədov bildirib ki, o, bu günü illərlə gözləyib. Nəhayət, istəyinə nail olub:

"Şahid anası ilə tez-tez danışırdı. Anasından televizora baxdığını soruşurdu. Anası da baxdığını deyirdi. Demə bu, Milli Qəhrəman Mübariz İbrahimovun adına olan posta keçirdiyi bayrağa görə deyirmiş, biz də başa düşmürdük".

Baş leytenant Şahid Əhmədli Saatlı rayonunun Qaracalar kəndində doğulub. 28 yaşlı hərbçi hər zaman hazırlıqlı, bacarıqlı zabitlərdən olub. Xidməti dövründə peşəkarlığı ilə seçilib. Aprel döyüşlərində də iştirak edib. Düşmənə ilk sarsıdıcı zərbəni elə o vaxt endirib. Bu döyüş həm də bir təcrübə olmuşdu Şahid üçün.

Əks-hücum əməliyyatı başlayanda Şahid Əhmədli rəhbərlik etdiyi qrupla Murovdağ yüksəkliyinin alınmasında iştirak edib. Sonrakı günlərdə, Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə də qəhrəmanlıq göstərib. Döyüşlərin birində düşmən gülləsinə tuş gələrək canından çox sevdiyi vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalır. İki azyaşlı övladı əmanət qalır.

Saatlı rayonunun Qaracalar kəndi Vətən müharibəsində iki şəhid verib. Şahid Əhmədlidən başqa, onun yaxın qohumu, eyni zamanda onunla birgə xidmətdə olan Səxavət Talıbzadə də ən ali məqama - Şəhidlik zirvəsinə ucalıb.

BAKU.WS
VİDEO