SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Kəlbəcərin 27 illik işğalına son qoyulur.

Bununla da Kəlbəcərdən olan on minlərlə məcburi köçkünün yurd həsrəti, yurd nisgili başa çatır. Kəlbəcər sakinləri öz yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü ilə üzləşmiş dinc sakinlər ata-baba yurdlarını tərk etməyə məcbur olsalar da, 27 il sonra Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar, ikinci Qarabağ müharibəsindəki zəfərlə Ermənistan rəhbərliyini noyabrın 10-da sülz sazişinə məcburən imza atması, işğalçı qoşunlarını Kəlbəcərdən çıxarması onları yenidən Kəlbəcərə qovuşdurdu.

Report-un Qərb Mərkəzinin çəkiliş qrupu 27 il sonra öz ata-baba yurdlarına dönməyə hazırlaşan, Gəncə şəhərində məskunlaşmış kəlbəcərli ailələrdən biri ilə həmsöhbət olub.

Ailə başçısı Polad Salahov onilliklərdir yurd həsrəti ilə yaşadıqlarını vurğulayıb:

“Biz 1993-cü ildə Kəlbəcəri ermənilərin təcavüzkar hərəkətləri ucbatından məcburi surətdə tərk etmişik. Şükür Allaha, dövlət bizə hər şəraiti təşkil edib. Ancaq bu vaxta qədər torpaq həsrəti, yurd həsrəti bizi rahat buraxmayıb, sızladıb. Artıq biz məcburi köçkün deyilik, tezliklə torpaqlarımıza qayıdacağıq”.

Kəlbəcər sakini Xaləddin Tağıyev də səbirsizliklə tezliklə öz kəndinə qayıdacağı günü gözləyir:

“Kəlbəcərin Başlıbel kəndində anadan olmuşam. Təəssüf ki, uşaqlığımız mənfur düşmənlərimiz işğalçılıq siyasəti nəticəsində məhv olub. Kəlbəcəri hələ 10 yaşımda tərk etmişəm, amma ora bu günə kimi yaddaşımdadır. Şükür ki, başda Ali Baş Komandan olmaqla müzəffər Azərbaycan ordusu torpaqlarımızı yağı düşməndən azad etdi”.

1993-cü ilin aprelində ermənilərin hərbi təcavüzü nəticəsində Kəlbəcəri tərk etməyə məcbur olmuş Səkinə Salahovanın da sevincinin həddi, hüdudu yoxdur:

“O qədər sevincliyik ki...Kəlbəcərdə gözəl günlərimiz çox olub. Mənzərəli yaylaqlarımız, laləli, güllü-çiçəkli bostanlarımız, bağlarımız vardı. Bakıdan, digər şəhər və rayonlardan Kəlbəcərə istirahətə gəlirdilər. Allah Prezidentimizi, ordumuzu qorusun. Şükür ki, illər sonra bu sevinci Allah bizə yaşatdı”.

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin qətlə yetirilib, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı müharibədəki uğurlu hərbi əməliyyatlar nəticəsində, ölkə Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

BAKU.WS