SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə iki onillikdən çox davam edən münaqişə aprelin əvvəlində alovlandı. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin hərəkətə keçdi və Moskvada hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə olundu, ardınca Rusiya prezidenti özünün yüksək rütbəli nümayəndələrini regiona göndərdi.

Virtualaz.org xəbər verir ki, bu sətirlər nüfuzlu "The Financial Times” qəzetinin Qarabağdakı 4 günlük müharibə barədə dərc etdiyi növbəti, sonuncu məqalədəndir. Qəzetin yazdığına görə analitiklər və diplomatlar deyirlər ki, Moskvanın bu fəallığı onun regionda mövqelərinin xeyli möhkəmlənməsinə səbəb oldu.

"ABŞ-ın sakitcə müşahidə etdiyi bir vaxtda Putin vakuumu doldurdu, Bakıda və İrəvanda belə təəsürat yaratdı ki, onlar tək qalıblar və Putin şəhərdə əsas oyunçudur”-ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Financial Times”ə açıqlamasında deyib.

Qəzet yazır ki, Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırılandan sonra ATƏT-in Minsk Qrupu həmsədrləri toplaşıb, vasitəçilər regiona səfər ediblər. Azərbaycanın Londondakı səfiri Tahir Tağızadə qəzetə açıqlamasında Qərbin baş verənlərə laqeyd qalmasını tənqid edib. Bildirib ki, bütün bu baş verənlər indiyədək beynəlxalq birliyin münaqişəni həll etməkdə qətiyyətsizlik göstərməsinin nəticəsi idi.

"Doğrudan da amerikalı diplomatlar şəxsi söhbətlərdə etiraf edirlər ki, Obama administrasiyasının son aylarında Vaşinqtonun Dağlıq Qarabağa dair hansısa yeni diplomatik həmlə etməyə həvəsi yoxdur. 

Bir Qərb diplomatı isə Dağlıq Qarabağda gedən döyüşlərə dair peyk çəkilişlərinin təqdim olunmasına dair xahişimizə cavab olaraq kədərlə çiyinlərini çəkir. Deyir ki, həmin günlər ABŞ-ın regiondakı bütün casus peykləri Ukrayna və Suriyaya yönləndirilmişdi”-qəzet yazır.

Məqalədə deyilir ki, dörd günlük müharibə ərzində baş verənləri rekonstruksiya etmək problemdir. Çünki müstəqil mənbələrdən daxil olan məlumatlar çox azdır. Ancaq Qarabağ üzrə ekspert Tomas de Vall deyir ki, məsələ döyüşləri birinci kimin başlamasında deyil. Onsuz da təmas xəttində tez-tez atışmalar baş verirdi: "Məsələ ondadır ki, bu münaqişə niyə alovlandı”

Qəzet yazır ki, Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yararaq bir neçə strateji yüksəkliyi tutub. Bu da 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından bu yana misli görünməmiş haldır. 

T.Tağızadə isə baş verənlərə evini oğrulardan qoruyan ev sahibinin hərəkəti kimi izah edir: "Belə vəziyyətdə siz hansısa məqamda ov tüfəngini götürüb evinizi müdafiə etməli olacaqsınız”.

Tomas de Vall isə deyir ki, baş verənlər nəticəsində münaqişə daha təhlükəli xarakter alıb: "Hərbi əməliyyatlar yenidən və istənilən vaxt başlaya bilər”.
 
BAKU.WS