SİZİN REKLAM BURADA!
055 213 76 73


Təəssüf ki, son günlər Bakıda sərnişin avtobuslarının bir sıra hallarda dayanacaqlara nəzərdə tutulan vaxtdan gec gəlmələri ilə bağlı şikayətlərlə daha çox qarşılaşırıq. Sərnişinlər redaksiyamıza müraciət edərək, avtobusların qrafik üzrə işləməməsindən, bəzən gecikmələrin çox olmasından şikayət ediblər.

Problemlə yerindəcə tanış olmaq üçün "Report"un çəkiliş qrupu şəhərin müxtəlif dayanacaqlarında müşahidələr aparıb.

Gördüklərimizdən məlum oldu ki, ən çox şikayətlər 175, 161, 103, 6, 21, 46 və 49 saylı marşrut avtobuslarındandır. Sərnişinlər bildirdilər ki, əvvəllər 10 dəqiqə intervalla gələn marşrut avtobusları son vaxtlar 15-40 dəqiqə gözləmək məcburiyyətində qalırlar. Bu isə həm onların mənzil başına gec çatmalarına, həm də sərnişin sıxlığına səbəb olur.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə açıqlamasında bu gecikmələrin səbəbini belə qeyd edib:

"Bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanmasının yaxınlaşması yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb.

Hazırda gündəlik olaraq xəttə 2 260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir. Yəni “BakuBus” MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub.

Lakin son vaxtlarda şəhər yollarında müşahidə olunan hərəkətlilik və nəqliyyat sıxlıqları avtobusların hərəkətinə ciddi maneələr yaradır. Belə ki, avtobuslararası intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir.

Aparılan müşahidələr göstərir ki, gün ərzində baş verən yol-nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına eləcə də, zolaqların tələbinə düzgün əməl etməməsi qeyri-pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir. Vurğulanmalı məqamlardan biri də son vaxtlar minik avtomobillərinin texniki nasazlıq səbəbindən yollarda hərəkətsiz qalmalarıdır. Son bir ayda bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Belə hallar Z.Bünyadov prospektində gün ərzində bir neçə dəfə müşahidə olunur.

Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır".

BAKU.WS
VİDEO

QALEREYA