SİZİN REKLAM BURADA!
055 213 76 73


2018-сi il aprelin 21-də daxil olan məlumat əsasında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Maştağa qəsəbəsində üzərində zorakılıq əlamətləri ilə qəsəbə sakini Hətəm Şabanovun meyitini aşkar ediblər.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, aparılmış araşdırma ilə cinayəti mərhumun keçmiş kürəkəni Samir Şabanovun törətdiyi məlum olub.

İstintaqla müəyyən edilib ki, Samir Şabanov aprelin 21-i gecə saatlarında ailəsinin dağılmasında günahkar bildiyi və haqsız olaraq aliment verməyə məcbur etdiyini düşündüyü keçmiş qaynatası Hətəm Şabanovu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib.

Evindən götürdüyü dəyənəyi gödəkcəsinin altında, cib bıçağını isə gödəkcəsinin cibində gizlədərək onun Maştağa qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə yollanıb.

Cinayətkar Hətəm Şabanovun çölə çıxmasına nail olmaq üçün qapının yanında yerləşən sayğacdan evə gələn elektrik enerjisini söndürüb və qapını döyüb.

Elektrik enerjisinin kəsilmə səbəbini və qapının kim tərəfindən döyülməsini aydınlaşdırmaq üçün keçmiş qohumu çölə çıxdıqda, dəyənəklə onun sağ qoluna zərbə endirib. Zərərçəkmiş özünü müdafiə etmək məqsədi ilə ona müqavimət göstərib.

Bir qədər evdən kənara çəkildikdən sonra o, dəyənəklə Hətəm Şabanovun sağ diz nahiyəsindən zərbə endirib. Yalvarışlarına məhəl qoymayaraq, müstəsna dərəcədə rəhmsizliklə əvvəlcə dəyənəklə, daha sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Bununla da, zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.

Samir Şabanov bildirib ki, 2011-ci ildə Zülfiyyə Şabanova ilə ailə həyatı qurub. Qazaxıstanın Astana şəhərində 7-8 ay işlədikdən sonra Bakıya qayıdıb, ölkə xaricində olduğu müddətdə yoldaşı ilə problemləri yaranıb. Belə ki, Zülfiyyə ondan xaricdən qayıtmağını tələb edib, o isə, işlədiyini bildirərək hələ gələ bilməyəcəyimi deyib. 2013-cü ilin iyul ayında Bakıya qayıtdıqda arvadının ondan boşandığını bilib. Zülfiyyəgilə barışmaq üçün getsə də, onun atası Hətəm Şabanov onların barışmağına razı olmayıb. Daha sonra aliment vermədiyinə görə Zülfiyyə ilə problemləri başlayıb, alimentə görə 6000 manat borcu yaranıb. Həmin məbləğin 2000 manatını ödəsə də, 4000 borcu qalıb. 2018-ci il aprelin 20-də alimentə görə Sabunçu icra şöbəsinə çağırılıb, orda ona borcunu ödəməyəcəyi halda həbs ediləcəyi bildirilib və borcunu ödəmək üçün vaxt verilib. Həmin gecə Hətəm Şabanovun ona etdikləri yadına düşüb, ona görə də qaynatası ilə arasında olan məsələni həll etmək qərarına gəlib. Hadisəni törətdikdən sonra qaçıb. Səhər saat 6-da anasına və qardaşına Hətəm Şabanovu öldürdüyünü deyib. Bir qədər sonra polis əməkdaşları gəlib, onu bölməyə aparıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şabanov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BAKU.WS
QALEREYA