SİZİN REKLAM BURADA!
055 213 76 73


2018-ci il noyabrın 7-də DİN "102" xidmətinə Zabrat qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində bir nəfərin bıçaqlanması barədə məlumat verilib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, polis əməkdaşları orada çoxsaylı bıçaq yaralarından vəfat edən 32 yaşlı Murad Quliyevin meyitini aşkar ediblər. Hadisəni törədən Elnur Abdullayev səhəri günü könüllü şəkildə polis əməkdaşlarına təslim olub.

İstintaqla müəyyən edilib ki, Elnur Abdullayevın bacısı Təranə Muradova, evli olmasına baxmayaraq, Murad Quliyevlə birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamaq məqsədi ilə Bakı şəhərinə gedib.

Oktyabrın 30-da sonuncu bacısı ilə yaşamaqdan imtina edib, onu yaxın qohumlarına təhvil verdikdən sonra, Abdullayev yaşadığı kənd sakinləri qarşısında rüsvay olduğunu anlayıb.

Qisas almağı qərarlaşdırıb. Noyabrın 4-də Qəbələ rayonunun Yenikənd kəndindən Bakı şəhərinə gələrək Murad Quliyevin avtomobil yuma məntəqəsində işlədiyini müəyyən edib.

Ayın 7-si saat 14 radələrində həmin qəsəbədə yerləşən kafedən mətbəx bıçağını gizli götürərək avtomobil yuma məntəqəsinə yollanıb. Bıçağı çıxaran Elnur Abdullayev Murad Quliyevin yalvarışlarına məhəl qoymayaraq onu müstəsna dərəcədə rəhmsizliklə öldürüb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Elnur Abdullayev bildirib ki, bacısı Təranə Muradova 2008-ci ildə həmyerliləri Şahid Muradovla ailə həyatı qurub.

Nigahdan 2 övladları olub. 2018-ci ilin avqust ayının əvvəllərində yeznəsi onun anası ilə əlaqə saxlayaraq Təranənin evdə olmadığını bildirib. Bir neçə gün bacısını axtarsalar, da heç bir nəticə olmayıb.

Sonra məlum olub ki, arvadı heç kimə demədən, uşaqlarını evdə qoyaraq, sosial şəbəkə vasitəsi ilə tanış olduğu Murad adlı şəxslə Bakı şəhərinə qaçıb.

Oktyabrın axırlarında Təranə ərindən boşanmaq üçün məhkəmə prosesində iştirak etmək məqsədilə Muradla birlikdə Qəbələyə gəlib.

Həmin gün Elnur bacısını oradan götürüb əvvəlcə xalasıgilə aparıb. Söhbət zamanı Təranə deyib ki, Murad hədələdiyi üçün onunla qaçıb.

Bunları eşidən Elnur Muradı öldürmək qərarına gəlib, lakin bunu heç kimə deməyib və məlum hadisəni törədib. Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra bıçağı yolun sol tərəfindəki hasardan içəri atıb. Daha sonra taksi ilə Qəbələ rayonuna qayıdıb. Səhər özü Qəbələ RPŞ-yə gedərək təslim olub.

Şahid qismində dindirilmiş Təranə Muradova ifadəsində göstərib ki, əri Şahid Muradovla aralarında tez-tez mübahisələr baş verdiyi üçün ayrılmaq istəsə də, ailə üzvləri övladlarının artıq böyüdüyünü bildirərək dözməsini tələb ediblər.

2018-ci ilin avqust ayında sosial şəbəkədə Murad adlı oğlanla tanış olub və onunla ciddi münasibət yaradaraq yenidən ailə həyatı qurmaq istəyib. Bir neçə gündən sonra Murad Qəbələyə gəlib onu qaçıracağını bildirsə də, son anadək buna inanmayıb.

Bir gün anasının evinə gedərkən yanında qara rəngli avtomobil dayanıb, Quliyev onu maşına dəvət edib, yanında bacısı Leyla, sonuncunun əri də olub.

Avtomobilə əyləşərək onlarla Bakıya gedib. Təxminən bir həftə Muradın bacısıgildə qalıb, sonra Sabunçu rayonunda kirayə tutduqları evə köçüblər. Anası ilə əlaqə saxlayaraq hər şeyin qaydasında olduğunu bildirib. Bir müddətdən sonra Muradın ona qarşı münasibəti dəyişib, tez-tez narkotik vasitələr qəbul edib.

Qadına ailəsi ilə əlaqə saxlamağa icazə verməyib və ümumiyyətlə onunla pis rəftar edib. Bu səbəbdən məhkəmə binasının qarşısında qardaşları onu qarşılayaraq xalasının evinə aparıblar. Evdə sonunculara ətraflı hər şeyi danışıb. Noyabrın 7-də evə qayıdan qardaşı Elnur Bakıda Muradı tapıb öldürdüyünü bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il muddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO