SİZİN REKLAM BURADA!
055 213 76 73


 
2013-cü ildə haqqında cinayət işi açılan və 3 maddə ilə ilə ittiham olanan rieltor Məcid Məcidovov haqda öncə bəraət, sonra həbs qərarı verilib.

BAKU.WS xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 149-cu (zorlama), 157-ci (mənzil toxunulmazlığını pozma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan 1989-cu il təvəllüdlü Məcid Məcidov kirayə qalması üçün ev verdiyi gənc rus qızı zorlamaqda təqsirləndirilib.

İttihama görə, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı İrina Bazaron 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən "Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da İ, Bazaronun müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.

Hadisə mediada yayımlanandan bir müddət sonra Məcid Məcidov müraciət yayaraq şərləndiyini bildirib: "Məni bir sahibkar kimi şərləyiblər. İstədikləri də məndən pul qoparmaq olub. Verməmişəm, mənə qondarma ittiham elan ediblər. Guya bir qadını zorlamışam, guya ev sahibinin əşyalarını mənimsəmişəm. Mənə tanımadığım nömrədən zəng gəldi. Danışan şəxs Səbayel Prokurorluğuna gəlməli olduğumu dedi. Ora getdim. Özünü prokurorluğun işçisi kimi təqdim edən şəxs dedi ki, Səbayel rayonu ərazisində sahibkarlıqla məşğulsan, ona görə də ildə 30 min manat bizə pul verməlisən. Tələb qanunsuz olduğuna görə razılaşmadım. May ayında isə məndən Səbayel polisinə İrina Bazaron şikayət etdi. Məni Səbayel Rayon Prokurorluğuna çağırdılar. İşi müstəntiq Müseyib Hacıyev aparırdı. Mənə ilk sözü "bura pul verməyəndə bilmirdin ki, belə olacaq” oldu”.

Həmin ilin iyun ayında Məcid Məcidov barəsində həbs qərarı seçilib və məhkəmədə hökm oxunana kimi təcridxanada qalıb.

2014-cü il sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə bəraətverici əsaslarla hökm oxunub və Məcidov məhkəmə zalından azad olunub.

Prokurorluğun hökmdən narazı qalması ilə verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb və şikayət təmin olunmayıb. Hakim Faiq Qasımov 25 yaşlı gənci azadlıqda saxlayıb və işi aparan müstəntiq barəsində xüsusi qərardad çıxarıb.

İş Ali Məhkəməyə çıxarılıb və burada prokurorluğun xeyrinə qərar verilib, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən apellyasiyaya qaytarılıb.

Bu ilin mart ayının 3-də keçirilən apellyasiya məhkəməsində qərar verilib.

M.Məcidovun vəkili Adəm Məmmədov bildirib ki, müvəkkili barəsində irəli sürülən ittihamların heç biri sübut olunmayıb. Cinayət işində yalnız 23 yaşlı qızın ifadəsi var. Heç bir ekspertiza keçirilməyib.

Apellyasiya Məhkəməsinin hakimi Qaib Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məcid Məcidov barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilib. Həmin tarixdə M.Məcidov ölkədə olmadığı üçün onun həbsi reallaşmayıb. Mart ayının 3-dən axtarışda olan Məcidov bir neçə gün öncə 39-cu Polis Bölməsinə gələrək təslim olub.
 
BAKU.WS