VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmə plenumunun İntiqam Əliyevlə bağlı bu gün qəbul etdiyi qərar icra olunub.
  
İ.Əliyevin oğlu Nəcmin Kamilsoy jurnalistlərə bildirib ki, onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi atasının azadlığa buraxıldığını deyib.
 
Qeyd edək ki, bu gün Ali Məhkəmənin plenumunun baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib.
 
Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib. Plenum kassasiya protestini təmin edib.
 
Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması haqda qərar qəbul olunub.
 
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda məhkəmədə onun şikayətinə baxılır.
 
Bir müddət əvvəl isə Zakir Qaralov əlavə kassasiya protesti ilə məhkəməyə müraciət edib. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub.
 
BAKU.WS