VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanla Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyu döyüşlər yenidən şiddətlənməkdədir. Bu gün Müdafiə Nazirliyi Azərbaycan ordusunun bir zabitinin və bir əsgərinin düşmənin diversiya həmləsinin qarşısını alarkən şəhid olduğunu açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi isə itkiləri gizlətməkdədir.

Hərçənd ki, ötən həftə sonu Azərbaycan Müdafiə Nazirliyi düşmən mövqelərinə endirilmiş sərrast artilleriya-minomyot zərbələrinin pilotsuz uçan aparatdan çəkilmiş görüntülərini yayıb. Görüntülərdən məlum olur ki, bu zərbələr nəticəsində düşmənin ən azı bir hərbi maşını yanaraq məhv olub, habelə ermənilərin səngərlərində eyni vaxtda bir neçə mərmi partlayıb və belə vəziyyətdə canlı qüvvə itkisi qaçılmaz görünür. 
 

  

İndi Azərbaycan ordusunun əsgər və zabitimizin həlak olmasına cavab olaraq düşməndən necə qisas alacağını gözləmək lazımdır. Belə görünür ki, düşməni yenidən təəcübləndirmək lazım gələcək. Bundan əvvəl erməni tərəfi Azərbaycan ordusunun atəşkəs razılaşmasından bu yana ilk dəfə təmas xəttində tank tətbiq etməsindən və düşmənin nəzarətində olan ərazilərin dərinliklərinə uzaqmənzilli artilleriyadan endirilən zərbələrdən xüsusi təəcüblə bəhs etməli olmuşdu.

Təmas xətti boyu döyüşlərin yenidən qızışması Vaşinqtonda keçiriləcək nüvə sammiti (həmin sammitə Azərbaycan və Ermənistan prezidentləri də qatılacaq) və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində baş verməkdədir. Və belə vəziyyətdə münaqişə ətrafında vəziyyət xarici medianın da gündəmindədir.

Virtualaz.org xəbər verir ki, bir qayda olaraq öz müxbirlərini Azərbaycanın işğal altındakı ərazilərinə ezam edib erməni qüvvələrinin səngərlərindən reportajlar yayan Rusiya KİV-ləri yenə fəallaşıblar. Bu dəfə gazeta.ru Qarabağdan reportaj dərc edib.
 

 

Reportajda Qarabağ münaqişəsinin tarixçəsində bəhs edilir və onun dünyada analoqu olmayan münaqişə olduğu bildirilir. Çünki müharibə formal olaraq dayandırılıb, ancaq atışmalar dayanmayıb. 22 ildir ki, təmas xətti boyu hər iki tərəfdən hərbçilər və mülki şəxslər həlak olur.

Rusiyalı jurnalist Aleksandr Rıbin Qarabağdakı erməni işğalçı qüvvələrinin zabitlərinin müşaiyəti ilə düşmənin təmas xəttinin Ağdam istiqamətində yerləşən mövqelərindən birində olub. O, yazır ki, erməni qüvvələrinin müdafiə sistemi bir neçə xəttdən ibarətdir: tranşeylər, artilleriya və texnika üçün mövqelər. Müdafiə xətlərinin arasında dağıdılmış kəndlərin xarabalıqları yerləşir. Ətrafda geniş çöllərdir, əkin-səpin yoxdur. Ancaq yaxınlıqdakı kəndlərdən ermənilər ora heyvan otarmağa gəlir. Atışma başlayan kimi hərbçilər heyvanları və çobanları evakuasiya edir.
  

 

Təmas xəttindəki erməni mövqelərinə getmək üçün üç il əvvəl qazılan xəndək-yollarla hərəkət etmək lazımdır. Yoldan bir neçə kilometr aralıdan dərin tranşeylər başlayır, onlarla ancaq piyada getmək mümkündür. Tranşeylərin divarları və dibi çox güman ki, Ağdamın talan edilən üzümlüklərindən sökülüb daşınmış beton dirəklərlə döşənib. Müxbiri müşaiyət edən Aşot adlı mayor deyir ki, mövqeləri betonla iki il əvvəldən başlayaraq bərkidiblər. Çünki torpaq örtük minomyot zərbələrinə davam gətirmir.

"Yeməkxana da əvvəl açıqda idi, ancaq bağlamaq, betonlamaq lazım gəldi. Yeməkxananın damı ağır artilleriyanın ən azı bir zərbəsinə davam gətirə və döyüşçülərə öz mövqelərini tutmağa imkan verə bilər”-Aşot deyir.
 

 

Daha sonra rusiyalı jurnalist Xankəndindən və Şuşadan bəhs edir, Şuşanın "xəyalət şəhərə” çevrildiyini yazır. Bildirilir ki, müharibəyə qədər şəhərdə 50 mindən çox azərbaycanlı yaşayırdı. İndi isə xarabalıqdır.Şəhərin təkcə mərkəzi küçəsi asfaltlaşdırılıb və hazırda Şuşada 5 minə qədər erməni yaşayır. Qalan küçələr və məhəllələr isə xarabalıqdır, şəhərin qədim məscidləri də dağıdılıb. Çoxmərtəbəli binalar xarabalıqlara çevrilib, yarıuçuq vəziyyətdədir.
  

 

Müxbir yazır ki, döyüşlər qızışandan bəri təmas xəttinə yaxın kəndlərdən ermənilər qaçıb Şuşaya yerləşir. Məsələn, martın əvvəlindən Xocavənd rayonunun kəndlərindən Şuşaya qaçanlar var. Onlardan biri-Ani adlı erməni qadın deyir ki, mərmilər evinə çox yaxın başladığından martın əvvəllərində Şuşaya yerləşib. Bildirilir ki, Şuşada Suriyadan olan 60-a yaxın erməni ailəsi də məskunlaşdırılıb. Jurnalist xatırladır ki, 90-cı illərin əvvəllərində Suriya erməniləri də döyüşmək üçün Qarabağa gəlmişdi. Rusiyalı jurnalist belə qənaətə gəlir ki, Qarabağ münaqişəsini həll etmək Suriya münaqişəsinin həllindən daha qəliz görünür...

Virtualaz.org rusiyalı jurnalistin işğal altındakı ərazilərimizdən çəkdiyi fotolardan bir neçəsini təqdim edir.

P.S. Yəqin ki, Azərbaycan XİN gazeta.ru-nun əməkdaşı Aleksandr Rıbinin adını "qara siyahıya” daxil etməkdə gecikməyəcək.
 
BAKU.WS